Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyində Sumqayıt Reabilitasiya Mərkəzinin psixoloqu Ləman Şərifli və Əmək terapiyası üzrə mütəxəssis Kəmalə Muradovanın iştirakı ilə bir qrup əlilliyi olan şəxslərlə maarifləndirici görüş keçirildi.
Sosialmedia.az xəbər verir ki, görüşün əsas məqsədi əlilliyi olan şəxslərin psixoloji rifahının yaxşılaşdırılması, onların sosial inteqrasiyasına dəstək göstərilməsi və cəmiyyətə fəal şəkildə qoşulmalarına yardım etmək idi.
Tədbir zamanı psixoloqlar tərəfindən fərdi və qrup şəklində psixoloji seanslar və terapiya məşğələləri təşkil olundu. Seanslar zamanı iştirakçılara stressin idarə olunması, emosional sabitliyin qorunması, özünəinamın artırılması və pozitiv düşüncə tərzinin formalaşdırılması mövzularında faydalı tövsiyələr verildi.
İştirakçılar görüşü böyük maraq və məmnunluqla qarşıladılar və bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
Belə təşəbbüslər əlilliyi olan şəxslərin sosial fəallığının artmasına, psixoloji dayanıqlığının möhkəmlənməsinə və cəmiyyətə tam inteqrasiyasına mühüm töhfə verir.


