Sosialmedia.az

Səbinə Kərimova: “Əlçatanlıq sadəcə texnoloji deyil, insani dəyər məsələsidir”

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı QHT.az-a açıqlama verib.

Səbinə Kərimova bildirib ki, noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür və bu gün bir daha cəmiyyətimizdə inklüzivliyin, bərabər imkanların vacibliyini yada salır. Elektron xidmətlərdə və dövlət portallarında görmə imkanları məhdud şəxslər üçün əlçatanlıq məsələsi çox önəmlidir. Son illərdə bu istiqamətdə müəyyən irəliləyişlər olsa da, hələ də tam ideal səviyyədə deyil:

“Bir çox dövlət portalları vizual dizayn və texniki quruluş baxımından standartlara uyğunlaşdırılsa da, səsləndirmə proqramları və ya ekran oxuyucular üçün tam uyğunluq hələ də zəifdir. Rəng kontrastı, yazı ölçüləri və naviqasiya sistemləri bəzən görmə imkanları məhdud istifadəçilər üçün çətinlik yaradır. Halbuki bu xidmətlərin məqsədi hər bir vətəndaş üçün bərabər istifadəyə şərait yaratmaqdır.”

Səbinə Kərimovanın sözlərinə görə, İKT və dövlət qurumları mövcud vəziyyəti daha da təkmilləşdirməli, real ehtiyaclara əsaslanan inklüziv yanaşma tətbiq etməlidir:

“Bu səbəbdən hesab edirəm ki, dövlət qurumları və İKT sahəsində fəaliyyət göstərən qurumlar bu məsələyə daha çox diqqət ayırmalı, istifadəçi təcrübəsini görmə imkanları məhdud şəxslərin real ehtiyaclarına uyğunlaşdırmalıdır. Gözdən əlilliyi olan şəxslər üçün yaradılan elektron xidmətlər qismən qənaətbəxş hesab etmək olar,lakin bir azda təkminləşdirilməyə ehtiyac var. Əlçatanlıq sadəcə texnoloji məsələ deyil, həm də sosial məsuliyyət və insani dəyər məsələsidir.

Düşünürəm ki, inklüziv cəmiyyət o zaman formalaşır ki, hər kəs  fiziki məhdudiyyətindən asılı olmayaraq  rəqəmsal məkanda bərabər hüquq və imkanlara sahib olur.”

Sosialmedia.az

 

557 views