3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə QHT.az olaraq “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova ilə müsahibə etdik.
QHT sədri əlillik anlayışına cəmiyyətin yanaşması, son illərdə aparılan dövlət islahatlarının nəticələri, inklüzivlik sahəsində dəyişən stereotiplər və təşkilatın üzərində çalışdığı prioritet istiqamətlər barədə fikirlərini bölüşüb.
Sosialmedia.az: “Əlillik sahəsində son illərdə həyata keçirilən dövlət islahatlarını necə qiymətləndirirsiniz?”
Səbinə Kərimova: Son illərdə bu sahədə aparılan dövlət islahatlarını çox müsbət qiymətləndirirəm. Xüsusilə sosial xidmətlərin əlçatanlığının artırılması, reabilitasiya imkanlarının genişləndirilməsi və müxtəlif dəstək mexanizmlərinin tətbiqi əlilliyi olan şəxslərin həyat keyfiyyətinə ciddi təsir göstərib. Bu islahatlar həm hüquqi, həm də sosial baxımdan daha inklüziv yanaşmanın formalaşmasına şərait yaradıb.
Əlillik nədir deyəndə insanlar müxtəlif fikirlər səsləndirirlər və bu tamamilə normaldır, çünki hər kəs bu mövzuya öz baxış bucağından yanaşır. Kimi bunu köməksizlik kimi görür, kimi möhtaclıq kimi qəbul edir, bəziləri isə yanlış olaraq ağır yük kimi dəyərləndirir. Ona görə də düşüncələr də fərqlilik göstərir.
Əgər bunu qısa və sadə şəkildə ifadə etsək, əlillik insanın bədənində və ya sağlamlığında olan müəyyən bir məhdudiyyət səbəbilə bəzi işləri yerinə yetirməkdə çətinlik çəkməsi və bu səbəbdən əlavə dəstəyə ehtiyac duyması deməkdir.
Mən isə ilk olaraq onu vurğulamaq istəyirəm ki, əlillik qüsur deyil, sadəcə fiziki məhdudiyyətdir. Ən önəmlisi isə bunun cəmiyyət tərəfindən olduğu kimi qəbul edilməsidir.
QHT.az: “Cəmiyyətdə əlilliyə yanaşma son illərdə dəyişibmi? Bu dəyişimin səbəbləri nədir?”
Səbinə Kərimova: Bəli, cəmiyyətdə əlilliyə yanaşmada nəzərəçarpacaq dəyişiklik var. İnsanlar daha məlumatlıdır, stereotiplər tədricən aradan qalxır və inklüzivliyin vacibliyi daha çox qəbul olunur. Bu dəyişimin əsas səbəbləri isə həm maarifləndirmə işlərinin gücləndirilməsi, həm media və sosial şəbəkələrdə əlillik mövzusunun daha açıq müzakirə edilməsi, həm də dövlətin bu sahədə ardıcıl siyasət aparmasıdır. Bunun əsas səbəblərindən biri də əlilliyi olan şəxslərin özlərinin nəzərə çarpan dərəcədə aktivliyidir. Onlar ölkəmizin siyasi və ictimai fəaliyyətində daha aktiv iştirak edirlər.Bu sosial şəbəkələrdə daha çox nəzərə çarpan dərəcədə özünü göstərir. Qısacası, cəmiyyət artıq əlilliyi bir məhdudiyyət kimi deyil, fərqli həyat tərzi və müxtəliflik kimi qəbul etməyə başlayır. Bu da çox sevindirici haldır.
QHT.az: “Hazırda üzərində çalışdığınız ən prioritet istiqamətlər hansılardır? Təşkilat olaraq əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün hansı işləri görürsünüz?”
Səbinə Kərimova: Hazırda bizim üçün ən prioritet istiqamətlərdən biri əlilliyi olan şəxslərin təhsil, məşğulluq və sosial həyata bərabər şəkildə qoşulmasını təmin etməkdir. Bu məqsədlə müxtəlif təlimlər, inkişaf proqramları, hüquqi maarifləndirmə tədbirləri həyata keçiririk. Eyni zamanda, onların ictimai fəallığını artırmaq üçün layihələr hazırlayır, dövlət qurumları və digər təşkilatlarla əməkdaşlıq edirik. Əsas hədəfimiz onların potensialını ortaya çıxarmaq, mühitin əlçatanlığını artırmaq və cəmiyyətə tam inteqrasiyasına dəstək olmaqdır.
Sonda onu vurğulamaq istərdim ki, ölkəmizdə hər il 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunur, amma təəssüf ki, bu günün mahiyyətinə uyğun olaraq əlilliyi olan şəxslərin əsas problemləri çox vaxt diqqətdən kənarda qalır. Adətən həmin gün sadəcə tədbirlər təşkil olunur, amma real dəstək və praktiki addımlar çox az görünür.
Mən istəyərdim ki, məhz bu gün əlilliyi olan şəxslər arasında istedadlı və bacarıqlı insanların əməyinə qiymət verilsin, onlar müxtəlif mükafatlarla təltif olunsun, prezident mükafatı almaq imkanına sahib olsunlar. Necə ki, Gənclər Günü gənclərə dəyər verilməsi ilə yadda qalırsa, Əlillər Günü də əlilliyi olan şəxslərə verilən real dəstək və qiymətlə fərqlənsin.
Ən azı, il ərzində bir dəfə, bu gün münasibətilə heç olmasa iki nəfərin işlə təmin olunması belə böyük bir addım olardı. O zaman bu günün mahiyyəti sadəcə şüarlarla deyil, əməllərlə təsdiqlənmiş olar.
1066 views
