“Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə ictimai nəqliyyatda təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün güzəştlərin tətbiqi ilə bağlı irəli sürülən təklifləri sosial baxımdan mühüm və aktual hesab edirik. Bu mövzu Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılıbsa, deməli problem artıq real olaraq etiraf olunur və bu, müsbət haldır”.
Bu fikirləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a bildirib. O düşünür ki, Azərbaycanda ictimai nəqliyyatın mövcud iqtisadi modeli bu güzəştlərə tam hazır deyil. Bu gün nəqliyyat sistemi əsasən kommersiya məntiqi ilə işləyir. Güzəştli kateqoriyalar üçün ayrıca, dayanıqlı maliyyə mexanizmi formalaşdırılmayıb:
“Ölkəmizdə hazırkı model daha çox “öz xərclərini çıxarma” prinsipi üzərində qurulub. Bir İctimai Birliyin rəhbəri kimi deyə bilərəm ki, əgər biz əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasından danışırıqsa, nəqliyyatın iqtisadi modeli “sosial yönümlü” modelə keçməlidir.Hazırda daşıyıcılar üçün müəyyən maliyyə çətinlikləri ola bilər, lakin dövlət tərəfindən tətbiq ediləcək məqsədli maliyyə mexanizmi bu yükü kompensasiya edə bilər. Ombudsmanın bu təklifi iqtisadi modelin yenidən nəzərdən keçirilməsi üçün bir çağırışdır. İnsanların hərəkət azadlığı iqtisadi gəlirdən daha üstün tutulmalıdır”.
588 views
