5 may — “Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün məqsədi əlilliyi olan insanların hüquqlarına diqqət çəkmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etməkdir.
Mövzu ilə bağlı “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova Sosialmedia.az-a açıqlama verib
S.Kərimovanın sözlərinə görə, 5 may inklüzivlik və ədalətin cəmiyyətdəki vəziyyətini göstərən mühüm bir gündür: “5 may təkcə simvolik bir tarix deyil, bu gün əslində cəmiyyətin nə qədər inklüziv və ədalətli olduğunun göstəricisidir. Bu gün bizə xatırladır ki, əlilliyi olan şəxslər cəmiyyətin kənarında deyil, onun ayrılmaz və bərabərhüquqlu üzvləridir”.
Səbinə Kərimova bildirib ki, Azərbaycanda bu sahədə müəyyən irəliləyişlər olsa da, ciddi çağırışlar qalmaqdadır: “Azərbaycanda bu sahədə vəziyyəti qiymətləndirərkən demək olar ki, müəyyən müsbət irəliləyişlər var, lakin eyni zamanda ciddi çağırışlar da qalmaqdadır”.
Sədr vurğulayıb ki, hüquqi baza gücləndirilsə də, bu istiqamətdə sistemli addımlar vacibdir: “İlk növbədə qeyd etmək lazımdır ki, son illərdə qanunvericilik bazası xeyli gücləndirilib. Əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası ilə bağlı bir sıra qanunlar qəbul olunub və dövlət proqramları həyata keçirilir. Bu, çox vacib addımdır, çünki hüquqi baza olmadan sistemli dəyişikliklər mümkün deyil”.
S.Kərimovanın sözlərinə görə, sosial xidmətlər və rəqəmsallaşma əlçatanlığı artıran mühüm amillərdəndir: “Bununla yanaşı, sosial xidmətlərin genişləndirilməsi, reabilitasiya imkanlarının artırılması və elektron xidmətlərə çıxışın asanlaşdırılması kimi istiqamətlərdə də müsbət dinamika müşahidə olunur. Xüsusilə son illərdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması əlilliyi olan şəxslər üçün müəyyən mənada əlçatanlığı artırıb”.
Səbinə Kərimova qeyd edib ki, praktiki mühitdə hələ də ciddi infrastruktur problemləri mövcuddur: “Lakin məsələnin praktik tərəfinə baxdıqda problemlər daha aydın görünür”.
Sədr əlavə edib ki, fiziki mühitin əlçatan olmaması gündəlik həyatda əsas maneələrdən biridir: “Ən ciddi məsələlərdən biri fiziki mühitin əlçatanlığıdır. Təəssüf ki, bir çox ictimai binalar, küçələr, nəqliyyat vasitələri və xidmət sahələri hələ də əlilliyi olan şəxslərin sərbəst istifadəsi üçün uyğunlaşdırılmayıb. Bu isə onların gündəlik həyatını çətinləşdirir və sosial həyatda iştirak imkanlarını məhdudlaşdırır”.
S.Kərimovanın sözlərinə görə, məşğulluq sahəsində stereotiplər və uyğun şəraitin olmaması əsas problemdir:
“Digər mühüm problem məşğulluq sahəsi ilə bağlıdır. Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası hələ də arzuolunan səviyyədə deyil. İşəgötürənlər arasında stereotiplər, uyğun iş şəraitinin olmaması və inklüziv iş mühitinin zəif inkişafı bu sahədə əsas maneələrdir”.
Səbinə Kərimova bildirib ki, inklüziv təhsil hələ geniş miqyasda tətbiq olunmayıb: “Təhsil sahəsində də oxşar vəziyyət müşahidə olunur. İnklüziv təhsil modeli tətbiq olunmağa başlasa da, bu proses hələ geniş yayılmayıb. Xüsusilə regionlarda əlilliyi olan uşaqların keyfiyyətli təhsilə çıxışı məhduddur. Halbuki inklüziv təhsil gələcək inteqrasiyanın əsasını təşkil edir”.
Sədr vurğulayıb ki, cəmiyyətin baxış bucağının dəyişməsi inklüzivlik üçün əsas şərtdir: “Bundan əlavə, cəmiyyətdə mövcud olan yanaşma da mühüm rol oynayır. Biz hələ də müəyyən hallarda əlilliyi olan şəxslərə sosial yardım obyekti kimi yanaşırıq. Halbuki müasir yanaşma onlara hüquq sahibi, müstəqil və aktiv fərdlər kimi baxmağı tələb edir. Bu düşüncə dəyişikliyi baş vermədən tam inklüziv cəmiyyət qurmaq çətin olacaq”.
S.Kərimovanın sözlərinə görə, qərarvermə proseslərində iştirakın artırılması vacibdir: “Ümumilikdə deyə bilərəm ki, Azərbaycanda bu sahədə düzgün istiqamət müəyyən olunub, lakin əsas məsələ bu siyasətlərin real həyatda effektiv tətbiqidir. Yəni biz artıq kağız üzərində deyil, praktikada inklüzivliyi təmin etməliyik”.
Səbinə Kərimova qeyd edib ki, əlilliyi olan şəxslərin siyasət proseslərində iştirakı genişləndirilməlidir: “Sonda qeyd etmək istərdim ki, əlillik fərdin deyil, cəmiyyətin yaratdığı baryerlərin nəticəsidir. Əgər biz bu baryerləri aradan qaldıra bilsək — istər fiziki, istər sosial, istərsə də psixoloji — o zaman həqiqətən bərabər və inklüziv cəmiyyət qurmaq mümkün olacaq
634 views
