Uşaqlıq dövründə ağız və diş sağlamlığı yalnız dişlərlə məhdudlaşmır, ümumi sağlamlıq və inkişaf üçün də böyük əhəmiyyət daşıyır. Mütəxəssislər xəbərdarlıq edir ki, erkən yaşda yaranan problemlər vaxtında aşkarlanmadıqda daha ciddi fəsadlara səbəb ola bilər.
Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, uşaq stomatoloqu Nurgül Demir bildirir ki, diş çürüməsi uşaqlarda ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. Onun sözlərinə görə, bir çox uşaq diş həkiminə yalnız ağrı yarandıqdan sonra müraciət edir ki, bu da müalicəni çətinləşdirir.
Mütəxəssis qeyd edir ki, uşaqlarda diş həkimi qorxusu da ciddi problemlərdən biridir. Bu hallarda bəzi müalicələr sedasiya və ya ümumi anesteziya altında aparıla bilər. Xüsusilə diş fobiyası, yüksək narahatlıq və xüsusi qayğıya ehtiyacı olan uşaqlarda bu üsullar tətbiq olunur.
Ağız və diş sağlamlığının ümumi sağlamlıqla birbaşa əlaqəli olduğu vurğulanır. Xüsusilə anadangəlmə ürək xəstəliyi olan uşaqlarda ağız gigiyenasına daha çox diqqət yetirilməlidir. Mütəxəssislər bildirir ki, bu uşaqlarda diş problemləri daha ciddi risklər yarada bilər.
Qidalanma vərdişləri də əsas rol oynayır. Şəkərli qidalar, qazlı içkilər və qablaşdırılmış məhsullar həm diş çürüməsini, həm də piylənmə riskini artırır. Bunun əksinə olaraq, ksilitol tərkibli saqqızların qoruyucu təsir göstərə biləcəyi qeyd olunur.
Mütəxəssislər valideynlərə tövsiyə edir ki, uşaqlarda diş baxımı ilk süd dişləri çıxdığı andan etibarən başlanmalı və müntəzəm həkim müayinələri ilə davam etdirilməlidir.
288 views
