Sosialmedia.az

Türkiyə bu azərbaycanlıdan danışır: bir gecədə “milyarder” oldu

Türkiyənin Van şəhərində mağazadan alış-veriş edərkən bank kartı xəta verən Azərbaycan əsilli Əhməd Cahangard Takalo həyatının şokunu yaşayıb. Nə baş verdiyini anlamaq üçün dərhal bank filialına yollanan 32 yaşlı gəncin hesabında ağlasığmaz məbləğdə pul olduğu üzə çıxıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Təxminən 10 ildir Türkiyədə yaşayan soydaşımızın hesab qalıqlıqları yoxlanılarkən onun balansında düz 999 milyard 999 milyon 999 min 999 lirə 99 quruş (1 trilyon lirədən çox) pul olduğu müəyyən edilib. Bu gözlənilməz “sərvət” gəncin başına daxili işlər və maliyyə orqanları ilə böyük problem açıb.

Hadisə anını bölüşən Əhməd Cahangard Takalo bankda böyük ajiotaj yarandığını bildirib: “Bankdakı məmur dərhal öz şefini çağırdı, şef isə bank müdirini çağırdı. Hamı başıma toplandı. Pul hesaba oturan kimi MASAK (Maliyyə Cinayətlərini İstintaq Qurumu) tərəfindən hesaba blok qoyulub. Vəziyyəti çox gülməli qarşıladılar”.

Hesabındakı pulun astronomik ölçüsünü anlamaq üçün süni intellektə müraciət edən Takalo maraqlı cavablar alıb. Süni intellekt bu pulla 1000 dənə stadion tikməyin, 9 TIR dolusu qızıl almağın və ya 300 min nəfərlik bütöv bir ölkə qurmağın mümkün olduğunu hesablayıb.

Səhvən hesaba yatan bu nəhəng məbləğ təxminən 21.8 milyard dollara bərabərdir. Bu göstərici ilə Azərbaycan əsilli gənc bir anda dünyanın ən zəngin milyarderləri siyahısında 116-cı sıraya yüksəlib.

Lakin rəsmi araşdırmalar səbəbindən gəncə bank tərəfindən ətraflı məlumat verilmir və onun bütün hesabları dondurulub. Artıq 1 aydır ki, öz şəxsi vəsaitlərinə belə çıxış tapa bilməyən Takalo bu texniki xətanın və yaranmış problemin ən qısa zamanda həll olunmasını gözləyir.

107 views