Sosialmedia.az

Əlilliyi olan şəxslərin məşğulluğu: problemlər və perspektivlər

“Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğu sahəsində son illər müəyyən müsbət irəliləyişlərlə yadda qalıb. Dövlət tərəfindən kvota sistemi, peşə hazırlığı kursları, özünüməşğulluq proqramları və digər dəstək mexanizmləri tətbiq edilir. Qanunvericilikdə də əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması və məşğulluğunun təşviqi ilə bağlı mühüm müddəalar öz əksini tapıb”. 

Bu sözləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova Sosialmedia.az-a açıqlamasında deyib.

O sözlərində qeyd edib ki, bununla belə, mövcud vəziyyəti tam qənaətbəxş hesab etmək olmaz. Təəssüf ki, əlilliyi olan şəxslər iş axtararkən bir sıra çətinliklərlə üzləşirlər. Əsas problemlərdən biri işəgötürənlər arasında stereotiplərin və müəyyən tərəddüdlərin hələ də qalmasıdır. Bir çox hallarda şəxsin bacarıqları və peşə potensialı deyil, əlilliyi ön plana çəkilir. Bundan əlavə, bəzi iş yerlərində fiziki əlçatanlıq tam təmin olunmur, uyğunlaşdırılmış iş mühiti və texniki vasitələr kifayət qədər deyil.

Səbinə Kərimova vurğulayıb ki, digər mühüm məsələ peşə hazırlığı ilə əmək bazarının tələbləri arasında uyğunluğun tam təmin olunmamasıdır. Bir çox əlilliyi olan şəxs müasir əmək bazarının tələb etdiyi rəqəmsal bacarıqlara və peşə biliklərinə yiyələnmək üçün əlavə dəstəyə ehtiyac duyur. Xüsusilə regionlarda yaşayan şəxslər üçün məşğulluq imkanları daha məhduddur.

Müsahib qeyd edib ki, hesab edirəm ki, qarşıdakı illərdə vəziyyətin daha da yaxşılaşması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir. İşəgötürənlərin maarifləndirilməsi, inklüziv iş mühitinin yaradılması, məsafədən iş imkanlarının artırılması və peşə hazırlığı proqramlarının əmək bazarının real tələblərinə uyğunlaşdırılması vacibdir. Eyni zamanda, kvota mexanizmlərinin effektiv tətbiqi və bu sahədə nəzarətin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Səbinə Kərimova son olaraq bildirib ki, əsas məqsəd əlilliyi olan şəxslərin sosial yardım alan insanlar kimi deyil, cəmiyyətin fəal və məhsuldar üzvləri kimi qəbul olunmasına nail olmaqdır. Onların təhsil, məşğulluq və sahibkarlıq imkanlarına bərabər çıxışı təmin edildikcə, həm həyat keyfiyyətləri yüksələcək, həm də cəmiyyətimiz daha inklüziv və güclü olacaq.

553 views