Sosialmedia.az

“Tibb işçilərinin fədakar əməyi sağlam gələcəyimizin əsas dayağıdır” – Çingiz Ramazanlı

17 İyun Beynəlxalq Tibb İşçiləri Günü münasibətilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı səhiyyə sistemində çalışan bütün tibb işçilərini təbrik edib.

Sosialmedia.az həmin təbrik nitqini təqdim edir:

“Hörmətli həkimlər, tibb bacıları, feldşerlər və səhiyyə sistemində çalışan bütün dəyərli tibb işçiləri!

Sizi 17 İyun Beynəlxalq Tibb İşçiləri Günü münasibətilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnsan həyatının və sağlamlığının keşiyində dayanmaq ən məsuliyyətli, ən şərəfli və ən müqəddəs peşələrdən biridir. Siz hər gün bilik, peşəkarlıq və yüksək insani keyfiyyətlərinizlə insanların həyatına ümid, inam və sağlamlıq bəxş edirsiniz.

Tibb işçilərinin fədakar əməyi cəmiyyətin rifahının və sağlam gələcəyinin əsas dayaqlarından biridir. Xüsusilə vərəm və digər sosial əhəmiyyətli xəstəliklərlə mübarizədə göstərdiyiniz xidmətlər minlərlə insanın həyatında mühüm dəyişikliklərə səbəb olur.

Sizin peşənizə olan sədaqətiniz, çətin şəraitdə belə məsuliyyət hissi ilə çalışmağınız və insanlara göstərdiyiniz qayğı böyük hörmət və ehtirama layiqdir. Məhz sizin sayənizdə səhiyyə sistemi inkişaf edir, insanların sağlam həyata olan inamı daha da möhkəmlənir.

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi olaraq səhiyyə işçiləri ilə əməkdaşlığımızı yüksək qiymətləndirir və sağlam cəmiyyət naminə birgə fəaliyyətimizin davamlı olacağına inanırıq.

Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni nailiyyətlər, ailələrinizə sevinc, firavanlıq və xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun! Sizin nəcib əməyiniz hər zaman yüksək dəyərləndirilsin və xalqımızın sağlamlığı naminə gördüyünüz işlər daim uğurla davam etsin”.

106 views