Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsinin icrasını uğurla davam etdirir.
Sosialmedia.az xəbər verir ki, layihə çərçivəsində iştirakçılar üçün ilk təlim məşğələsi baş tutub. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova qonaqları salamlayaraq, layihənin əsas məqsədi, qarşıya qoyulan hədəflər və bu proqramın iştirakçılara qazandıracağı yeni imkanlar barədə ətraflı məlumat verib.
Daha sonra təlimçi Xatirə Xudadarova tərəfindən iştirakçılara peşə bacarıqlarının inkişaf etdirilməsi, əmək bazarına hazırlıq və məşğulluq imkanları barədə zəruri biliklər ötürülüb. İnteraktiv formada təşkil olunan təlimin praktiki hissəsi isə xüsusilə yaddaqalan olub. Təlim zamanı iştirakçılar böyük maraq və həvəslə kulinariya bacarıqlarını nümayiş etdirərək, xurma və qozdan xüsusi mini desertlər hazırlayıblar. Bu praktiki məşğələ həm iştirakçıların əl qabiliyyətinin stimullaşdırılmasına, həm də onların komanda ruhunun güclənməsinə gözəl zəmin yaradıb.
Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının artırılmasına, onların əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə dəstək verməkdir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlimlərin növbəti məşğələlərinin keçirilməsi planlı şəkildə davam etdiriləcək









