ƏSMİD İctimai Birliyinin kulinariya layihəsi çərçivəsində 7-ci dərs master-klass formatında keçirilib

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti təlimini təşkil edib.

Layihənin 7-ci dərsi “Süfrənin bəzədilməsi” mövzusunda “Eloğlu” restoranında master-klass formatında keçirilib. Təlimdə layihə üzrə seçilmiş 10 nəfər qadın iştirakçı iştirak edib.

Master-klassın əsas məqsədi iştirakçılara süfrə mədəniyyəti, estetik tərtibat qaydaları, süfrənin düzgün hazırlanması, servis alətlərinin yerləşdirilməsi və müxtəlif tədbirlər üçün süfrə dizaynının praktik şəkildə öyrədilməsi olub.

Təlimçi Xatirə Xudadarova tərəfindən iştirakçılara rəsmi və qeyri-rəsmi süfrələrin hazırlanması, dekor elementlərinin seçilməsi, rəng uyğunluğu, qab-qacaq və servis ləvazimatlarının düzgün yerləşdirilməsi haqqında ətraflı məlumat verilib. Təlim praktiki məşğələlərlə davam etdirilərək iştirakçılar əldə etdikləri bilikləri real şəraitdə tətbiq etmək imkanı qazanıblar.

Master-klass iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb və gələcək peşə fəaliyyətlərində faydalı olacaq praktik bacarıqlar formalaşdırılıb.

Qeyd edək ki, “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsinin əsas məqsədi əlilliyi olan və sosial həssas qrupa aid qadınların kulinariya sahəsində peşə bacarıqlarını artırmaq, onların əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir.

Sosialmedia.az saytı xəbər verir ki, layihə çərçivəsində təlimlərin növbəti mərhələlərində iştirakçılar kulinariya sahəsi üzrə həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməyə davam edəcəklər.

626 views