Sosialmedia.az

Filtr qəhvə ürək sağlamlığı üçün daha faydalı hesab olunur

Filtr qəhvə ürək sağlamlığı üçün daha faydalı hesab olunur

Amerika Ürək Assosiasiyasının (AHA) dərc etdiyi yeni elmi hesabata görə, gündə beş fincana qədər filtr qəhvə istehlakı insult, 2-ci tip diabet və ürək çatışmazlığı riskinin azalması ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, qəhvənin sağlamlığa təsiri əsasən onun hazırlanma üsulundan asılıdır.

Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, uzun illər mübahisə mövzusu olan kofein və ürək sağlamlığı arasındakı əlaqəni təhlil edən araşdırma göstərib ki, müntəzəm və normada qəhvə istehlakı hətta ürək ritm pozğunluğu səbəbindən müalicə alan şəxslərdə də xəstəliyin təkrarlanma riskini azalda bilər. Bundan əlavə, qəhvə içmə vərdişinin 2-ci tip diabetin inkişaf ehtimalını da aşağı saldığı qeyd olunur.

Tədqiqat müəlliflərinin sözlərinə görə, bu müsbət təsirlər əsasən kağız filtrdən keçirilərək dəmlənən və ya hazır qəhvə üçün keçərlidir. Fransız presi, espresso və türk qəhvəsi kimi süzülməyən qəhvə növlərində isə kafestol adlı maddə daha çox saxlanılır. Bu maddə qanda “pis” xolesterinin (LDL) səviyyəsini artıra və damar xəstəlikləri riskini yüksəldə bilər.

Hesabatda enerji içkiləri və yüksək konsentrasiyalı kofein tərkibli məhsulların təbii qəhvə ilə eyni təsirə malik olmadığı vurğulanır. Mütəxəssislər bildirirlər ki, bu məhsullar hətta sağlam insanlarda belə təzyiqin kəskin yüksəlməsinə, ürək ritminin pozulmasına, ağır hallarda isə ürəyin dayanmasına səbəb ola bilər.

Bununla yanaşı, alimlər xatırladırlar ki, kofeinə qarşı həssaslıq hər insanda fərqlidir. Orqanizmin kofeini emal etmə sürəti genetik xüsusiyyətlərdən asılı olduğundan, bəzi insanlar daha yüksək miqdarda qəhvəni problemsiz qəbul edə bildiyi halda, digərlərində az miqdar belə yuxu pozğunluğu və ya təzyiq dəyişikliklərinə səbəb ola bilər. Ürək-damar və digər xroniki xəstəlikləri olan şəxslərə gündəlik kofein qəbulunu həkimlə məsləhətləşərək müəyyənləşdirmək tövsiyə olunur.

238 views