ƏSMİD İctimai Birliyinin doqquzuncu kulinariya təlimi keçirildi

Sosialmedia.az xəbər verir ki,Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində kulinariya üzrə 9-cu təlimini uğurla keçirib.

Növbəti təlim “Eloğlu” restoranında baş tutub. Təlimdə iştirakçılara türk mətbəxinin məşhur təamlarından olan pendirli türk börəyinin hazırlanması tətbiqi şəkildə öyrədilib.

Peşəkar təlimçi Xatirə Xudadarovanın rəhbərliyi ilə keçirilən məşğələdə xəmirin hazırlanması, içliyin düzgün hazırlanması, börəyin formaya salınması və bişirilmə texnikası ətraflı izah edilib. İştirakçılar əldə etdikləri nəzəri bilikləri dərhal praktikada tətbiq edərək pendirli türk börəyini özləri hazırlayıblar.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin kulinariya sahəsində peşə bacarıqlarını inkişaf etdirmək, onların özünüməşğulluq imkanlarını genişləndirmək və əmək bazarına inteqrasiyasına dəstək göstərməkdir.

ƏSMİD İctimai Birliyi layihə çərçivəsində kulinariya üzrə nəzəri və praktiki təlimləri davam etdirəcək.

514 views