Sosialmedia.az

“Reabilitasiya xidmətləri ölkənin bütün bölgələrində əlçatan olmalıdır” – Səbinə Kərimova

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri olaraq hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən cari ilin ilk yarısında 70 min əlilliyi olan şəxsin müxtəlif reabilitasiya xidmətləri ilə əhatə olunması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır”.

Bu sözləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova Sosialmedia.az-a açıqlamasında bildirib.

Səbinə Kərimova bildirib ki, müasir reabilitasiya yanaşmalarının tətbiqi əlilliyi olan şəxslərin fiziki, psixoloji və sosial inkişafına mühüm töhfə verir:

Xüsusilə müasir reabilitasiya metodlarının robotik reabilitasiya, hippoterapiya, rəqs terapiyası, sosial-psixoloji reabilitasiya və telereabilitasiya xidmətlərinin tətbiqi olduqca əhəmiyyətlidir. Bu yanaşmalar yalnız fiziki funksiyaların bərpasına deyil, həm də insanların psixoloji durumunun yaxşılaşmasına, özünəinamının artmasına, sosial bacarıqlarının inkişafına və cəmiyyətə daha fəal şəkildə qoşulmasına ciddi töhfə verir.

S.Kərimovanın sözlərinə görə, reabilitasiya prosesinə kompleks yanaşma müasir dövrün əsas tələblərindən biridir:

Dünya təcrübəsi də göstərir ki, reabilitasiyanı yalnız tibbi prosedurlarla — dərman, iynə və ya standart fizioterapiya ilə məhdudlaşdırmaq müasir dövrün tələblərinə cavab vermir. Əlilliyi olan şəxsin bərpası kompleksi yanaşma tələb edir.

Sədr vurğulayıb ki, innovativ reabilitasiya metodları bir-birini tamamlayan müsbət nəticələr yaradır:

Agentliyin tətbiq etdiyi bu innovativ metodların hər biri insan orqanizminə və psixologiyasına tamamilə fərqli, amma bir-birini tamamlayan müsbət təsirlər göstərir:

S.Kərimova qeyd edib ki, robotik reabilitasiya hərəkət qabiliyyətinin bərpasında mühüm rol oynayır:

Robotik reabilitasiya insult, onurğa və ya beyin zədələnmələri nəticəsində itirilmiş hərəki funksiyaların bərpasını dəfələrlə sürətləndirir. Beyinlə əzələlər arasındakı zədələnmiş neyron əlaqələrini yenidən canlandırır, insanlara müstəqil addım atmaq ümidi və imkanı verir.

Səbinə Kərimova bildirib ki, hippoterapiya və rəqs terapiyası insanların həm fiziki, həm də psixoloji vəziyyətinin yaxşılaşmasına xidmət edir:

Hippoterapiya (atla terapiya) və Rəqs terapiyası isə böyük bir sosial-psixoloji dönüş nöqtəsidir. Atlarla təmas, ritmik rəqs hərəkətləri bir tərəfdən müvazinət və koordinasiyanı bərpa edirsə, digər tərəfdən insanın daxili qapanmalarını, depressiyasını və mən cəmiyyətə lazım deyiləm kompleksini darmadağın edir. Xüsusilə uşaqlar və gənclər üçün bu müalicə deyil, əyləncəli bir sosiallaşma prosesinə çevrilir.

Sədr diqqətə çatdırıb ki, telereabilitasiya reabilitasiya prosesinin davamlılığını təmin edir:

Reabilitasiyada ən böyük problem müalicə kursu bitəndən sonra prosesin dayandırılması idi. Onlayn və səyyar dəstək vasitəsilə mütəxəssislər pasientin ev şəraitində də inkişafını izləyirlər, bu da qazanılmış fiziki uğurların itirilməsinin qarşısını alır.

S.Kərimovanın sözlərinə görə, bu metodlar əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyasına şərait yaradır:

Bütün bunları ümumiləşdirsək, bu metodlar əlilliyi olan şəxsi pasient statusundan çıxarıb, onu özünə inanan, aktiv və sosial həyata tam inteqrasiya olunmuş bir fərdə çevirir.

Səbinə Kərimova vurğulayıb ki, innovativ reabilitasiya xidmətləri həm fiziki, həm də sosial imkanları genişləndirir:

Robotik reabilitasiya hərəkət məhdudiyyəti olan şəxslərin bərpa prosesini sürətləndirir, hippoterapiya və rəqs terapiyası isə emosional vəziyyətə müsbət təsir göstərərək ünsiyyət bacarıqlarını və sosial aktivliyi artırır. Telereabilitasiya xidmətləri isə xüsusilə regionlarda yaşayan və ya hərəkət imkanları məhdud olan şəxslərin reabilitasiya xidmətlərindən fasiləsiz yararlanmasına geniş imkan yaradır.

S.Kərimova hesab edir ki, gələcəkdə reabilitasiya xidmətlərinin daha da genişləndirilməsi vacibdir:

Bununla yanaşı, hesab edirik ki, gələcəkdə bu xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsi, icma əsaslı xidmətlərin inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Sədr bildirib ki, innovativ reabilitasiya xidmətləri ölkənin bütün bölgələrində əlçatan olmalıdır:

Bizim əsas arzumuz və təklifimiz odur ki, bu innovativ metodlar (robotik reabilitasiya, hippoterapiya və s.) nəinki böyük şəhərlərdə və regional mərkəzlərdə, ən ucqar rayonlarımızda yaşayan əlilliyi olan şəxslər üçün də eyni dərəcədə əlçatan olsun.

S.Kərimova əlavə edib ki, reabilitasiya prosesi məşğulluq mərhələsi ilə tamamlanmalıdır:

Digər vacib məqam isə reabilitasiya prosesinin məşğulluqla tamamlanmasıdır.

Səbinə Kərimova vurğulayıb ki, tam reabilitasiya insanların əmək bazarına inteqrasiyası ilə mümkün olur:

Fiziki və psixoloji reabilitasiya kursunu keçən, özünəinamı bərpa olunan şəxslərin növbəti mərhələdə peşə təlimlərinə yönləndirilməsi, onların əmək bazarına inteqrasiya olunması və öz gəlir sahələrini yaratmaları prioritet olmalıdır. Çünki əsl və tam reabilitasiya insanın öz zəhməti ilə cəmiyyətdə müstəqil yer tutması və iqtisadi baxımdan özünü təmin edə bilməsi ilə yekunlaşır. Biz də bir ictimai birlik olaraq, dövlət qurumları ilə tərəfdaşlıq şəraitində bu sosial missiyanın daha da dərinləşməsinə hər zaman dəstək verməyə hazırıq.

Sədr sonda qeyd edib ki, ictimai birlik dövlət qurumları ilə əməkdaşlığı davam etdirməyə hazırdır:

Biz, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi olaraq, dövlət qurumları ilə əməkdaşlığa daim açığıq və əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların bərabər imkanlara malik olması, müstəqil həyat bacarıqlarının inkişafı və cəmiyyətə tam inteqrasiyası istiqamətində həyata keçirilən bütün mütərəqqi təşəbbüsləri dəstəkləyirik.

191 views