Sosialmedia.az

Cəmi 78 dəqiqə az yuxu belə çəki artımına səbəb ola bilər

Gecələr cəmi 78 dəqiqə az yatmaq belə qısa müddətdə bədən çəkisinin artmasına səbəb ola bilər. 

Sosialmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ  alimlərinin apardıqları yeni araşdırmalarına görə, xroniki yuxu çatışmazlığı yalnız yorğunluq yaratmır, həm də maddələr mübadiləsinə mənfi təsir göstərir. 

Araşdırmada ürək-damar və metabolik xəstəlik riski yüksək olan 95 yetkin şəxs iştirak edib. Tədqiqat iki mərhələdə aparılıb. Birinci mərhələdə iştirakçılar adi yuxu rejimini qoruyublar, ikinci mərhələdə isə altı həftə ərzində hər gecə yatma vaxtlarını təxminən 90 dəqiqə gecikdiriblər. Nəticədə onların faktiki yuxu müddəti orta hesabla 78,4 dəqiqə azalıb.

Tədqiqatın nəticələrinə görə, bu dəyişiklik iştirakçıların bədən çəkisinin orta hesabla 0,45 kiloqram, bel çevrəsinin isə 0,52 santimetr artmasına səbəb olub. Bundan əlavə, onların gün ərzində hərəkətsiz keçirdiyi vaxt orta hesabla 17 dəqiqə çoxalıb.

Alimlər bildirirlər ki, maraqlı məqamlardan biri iştirakçıların gündəlik enerji sərfiyyatında ciddi dəyişiklik qeydə alınmamasıdır. Bu isə çəki artımının əsas səbəblərindən birinin fiziki aktivliyin azalması və qidalanma vərdişlərində baş verən dəyişikliklər ola biləcəyini göstərir.

Mütəxəssislərin fikrincə, yuxu çatışmazlığı uzun müddət davam etdikdə piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır. Onlar sağlam həyat tərzi üçün balanslı qidalanma və müntəzəm fiziki aktivliklə yanaşı, hər gecə 7–9 saat keyfiyyətli yuxunun da vacib olduğunu vurğulayırlar.

Araşdırma müəllifləri qeyd edirlər ki, tədqiqatın müddəti altı həftə və iştirakçı sayı məhdud olduğundan nəticələrin daha geniş əhali qruplarında təsdiqlənməsi üçün əlavə elmi araşdırmalara ehtiyac var. Bununla belə, əldə olunan nəticələr göstərir ki, hər gecə cəmi bir saatdan bir qədər çox yuxu itkisi belə zamanla sağlamlığa nəzərə çarpacaq təsir göstərə bilər.

179 views