ƏSMİD İctimai Birliyi layihə çərçivəsində 11-ci kulinariya təlimini keçirdi

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti – 11-ci kulinariya təlimi keçirilib.

Təlim zamanı peşəkar təlimçi Xatirə Xudadarovanın rəhbərliyi ilə müdavimlərə pavidlalı piroqun hazırlanması praktiki şəkildə öyrədilib.

Təlimdə iştirakçılara pavidlalı piroqun hazırlanma mərhələləri, xəmirin düzgün yoğrulması, içliyin hazırlanması, bişirmə texnologiyası və məhsulun estetik təqdimatı barədə ətraflı məlumat verilib. Praktiki məşğələ zamanı hər bir iştirakçı piroqu öz əli ilə hazırlayaraq yeni kulinariya bacarıqları qazanıb.

Layihənin əsas məqsədi əlilliyi olan qadınların və digər həssas sosial qrupa aid şəxslərin peşə bacarıqlarını inkişaf etdirmək, onların məşğulluq və özünüməşğulluq imkanlarını artırmaq, əmək bazarına inteqrasiyasına dəstək verməkdir.

Təlimin sonunda iştirakçılar öyrəndikləri yeni resepti yüksək qiymətləndirərək əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində faydalı olacağını bildiriblər.

Layihə çərçivəsində qarşıdakı günlərdə də kulinariya istiqamətində praktiki təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

300 views