Bacarıqdan peşəyə layihəsinin yekun təlimi keçirildi

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində 16-cı və yekun kulinariya təlimi keçirilib.

Layihə çərçivəsində keçirilən sonuncu təlimdə iştirakçılara ev şəraitində çöp şiş kababının və yay salatının hazırlanması öyrədilib.

Təlimçi Xatirə Xudadarova tərəfindən iştirakçılara çöp şiş kababının hazırlanması zamanı istifadə olunan məhsulların düzgün seçilməsi, ətin marinadlanması, çöp şişə yerləşdirilməsi və bişirilmə qaydaları əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda yay salatının hazırlanması və süfrəyə estetik təqdim olunması üsulları da izah edilib.

İştirakçılar təlim zamanı bütün hazırlıq mərhələlərində fəal iştirak edərək əldə etdikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq ediblər.

Beləliklə, layihə çərçivəsində nəzərdə tutulan 16 kulinariya təlimi uğurla yekunlaşıb. Təlimlər müddətində iştirakçılar Azərbaycan, Şərq, Avropa, Türk və Yapon mətbəxlərinə aid müxtəlif yeməklərin hazırlanması üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Təlimlərin başa çatması ilə əlaqədar iştirakçıların əldə etdikləri bacarıqların qiymətləndirilməsi və onların əməyinin təşviq olunması məqsədilə sertifikatlandırma mərasiminin keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi, yeni məşğulluq imkanlarının yaradılması və əldə etdikləri peşə bacarıqlarından gələcəkdə gəlir mənbəyi kimi istifadə etmələrinə şərait yaradılmasıdır.

Layihə çərçivəsində keçirilən 16 təlim iştirakçıların kulinariya sahəsində bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların özünəinamının gücləndirilməsinə və peşə fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsinə də töhfə verib.

915 views