Sosialmedia.az

\Təbiəti xilas etmək istədilər, milyonlarla canlı məhv oldu

Fransız Polineziyasında kənd təsərrüfatını qorumaq üçün həyata keçirilən layihə gözlənilməz nəticələrə səbəb olub. Zərərverici nəhəng Afrika ilbizlərini məhv etmək üçün adalara gətirilən yırtıcı ilbizlər yerli canlılara hücum edərək onlarla növün yox olmasına səbəb olub.

Sosialmedia.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Sakit okeanda yerləşən Fransız Polineziyasının Cəmiyyət adalarında baş verib.

1970-ci illərdə kənd təsərrüfatına ciddi ziyan vuran nəhəng Afrika ilbizlərinin sayını azaltmaq üçün əraziyə Euglandina rosea adlı yırtıcı ilbizlər gətirilib. Lakin onlar gözlənilən kimi yalnız zərərverici ilbizləri ovlamayıb. Yırtıcı növ adalarda yaşayan və yalnız bu ərazilərə məxsus Partula cinsindən olan ağac ilbizlərini də məhv etməyə başlayıb.

Məlumata görə, Euglandina rosea 1974-cü ildə Taiti adasına, 1977-ci ildə isə Moorea adasına buraxılıb. Daha sonra digər adalara da yayılıb. Nəticədə yerli ilbizlərin sayı sürətlə azalıb.

Ən ağır vəziyyət Raiatea adasında yaranıb. Burada yaşayan 33 yerli Partula növünün hamısının təbiətdə yox olduğu bildirilir. Moorea adasında da yeddi Partula növünün hamısı 1980-ci illərin ortalarına qədər vəhşi təbiətdən yox olub.

2019-cu ildə yayımlanan elmi araşdırmada Cəmiyyət adalarında yaşayan 55 Partulidae növündən 28-nin artıq nəsli kəsildiyi qeyd edilib. Sonrakı məlumatlarda isə təbiətdə yox olan növlərin sayının 50-dən çox olduğu göstərilir.

Hazırda bəzi Partula növləri yalnız xüsusi mühafizə və artırma proqramları sayəsində qorunur. Mütəxəssislər onların bir hissəsini yenidən təbiətə qaytarmağa çalışırlar. 2023-cü ildə bu istiqamətdə mühafizə işlərinin genişləndirilməsi də bərpa olunub

161 views