Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi və valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiyasının sürətləndirilməsi məqsədilə prosedurlarda bir sıra dəyişikliklər edilib.
Sosialmedia.az xəbər verir ki, yeni dəyişikliklər himayədar ailə olmaq istəyən vətəndaşlar üçün prosesin daha əlçatan və çevik təşkilinə, onların daha qısa müddətdə himayədar valideyn kimi fəaliyyətə başlamasına imkan yaradır.
Yeni qaydalara əsasən, himayədar valideyn olmaq istəyən şəxslərlə uçota alındıqdan sonra 10 iş günü ərzində müsahibə keçirilir və onların maddi-məişət şəraitinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir.
Bu mərhələni uğurla keçən namizədlər minimum 3 gün davam edən təlimlərə cəlb olunurlar. Bundan sonra təlimlərin onlayn formatda keçirilməsi də mümkün olacaq.
Təlimin sonunda müsbət nəticə göstərən namizədlərin istəkləri nəzərə alınmaqla onlara uyğun uşağın seçilməsi müddəti də 7 iş günündən 5 iş gününə endirilib.
Bundan əlavə, prosesin müxtəlif mərhələləri üzrə qərarların qəbul edilməsi üçün müddət konkretləşdirilərək 3 iş günü müəyyən edilib.
Beləliklə, həyata keçirilən dəyişikliklər nəticəsində uşağın himayədar ailəyə verilməsi prosesinin minimal müddətinin 2 həftəyə qədər azaldılması mümkün olacaq.
Qeyd edək ki, himayədar ailə institutu valideyn himayəsindən məhrum olmuş uşaqların ailə əsaslı qayğı ilə əhatə olunması və onların müəssisələrdən ailə mühitinə reinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.
159 views
