Düzgün və balanslı qidalanma ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır. Gündəlik qida rasionunun düzgün seçilməsi qanda yağ balansının yaxşılaşmasına, damarların qorunmasına və qan dövranının normal fəaliyyətinə kömək edə bilər.
Sosialmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Ruqiyyə Qasımova bildirib.
Onun sözlərinə görə, düzgün qidalanma həmçinin bədən çəkisinin nəzarətdə saxlanılmasına, artıq çəkinin ürəyə yaratdığı əlavə yükün azalmasına və qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Həkim qeyd edib ki, süd məhsulları, zeytun yağı, tərəvəz və meyvələr, qoz-fındıq və balıqdan ibarət balanslı qidalanma ürək-damar xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Emal olunmuş ət məhsulları və sənaye mənşəli trans yağların həddindən artıq istehlakı isə ürək-damar sağlamlığı üçün arzuolunmazdır.
Ürəyə zərər verən qidalanma səhvləri
R.Qasımovanın sözlərinə görə, ürək sağlamlığı ilə bağlı qidalanmada yol verilən səhvlərin bir çoxu gündəlik vərdişlərdən qaynaqlanır.
Xüsusilə yeməklərə həddindən artıq duz əlavə edilməsi, hazır və tez hazırlanan qidaların çox istehlakı, tərkibində gizli şəkər və yağ olan məhsullara üstünlük verilməsi risk yarada bilər.
Həkim həmçinin liflə zəngin qidaların və tərəvəzlərin kifayət qədər qəbul edilməməsinin də geniş yayılmış problemlərdən olduğunu bildirib.
Tərəvəz, meyvə və giləmeyvələr vitamin, mineral, lif və digər faydalı maddələrlə zəngindir. Bu qidaların rasionda kifayət qədər olması xolesterol səviyyəsinin və qan təzyiqinin idarə olunmasına dəstək verə bilər.
Qızardılmış və duzlu qidalara diqqət
Kardioloq həftə ərzində tez-tez qızardılmış qidaların qəbul edilməsinin də ürək sağlamlığı baxımından arzuolunmaz olduğunu qeyd edib.
Onun sözlərinə görə, qidaların yüksək temperaturda qızardılması müəyyən zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Həddindən artıq şəkər qəbulu çəki artımına, çox duz istehlakı isə yüksək qan təzyiqinə səbəb ola bilər.
Buna görə evdə yemək hazırlayarkən qızartma əvəzinə daha yüngül bişirmə üsullarına üstünlük vermək, duz və yağ miqdarını nəzarətdə saxlamaq tövsiyə olunur.
Meyvə və tərəvəz ürək üçün niyə vacibdir?
Meyvə və tərəvəzlərin ürək sağlamlığına təsiri yalnız vitaminlərlə məhdudlaşmır. Bu qidaların tərkibində damarların qorunmasına kömək edən müxtəlif faydalı maddələr, antioksidantlar və liflər var.
Liflə zəngin qidalar qanda xolesterol səviyyəsinin aşağı salınmasına və qan təzyiqinin tənzimlənməsinə kömək edə bilər. Müxtəlif rəngli meyvə və tərəvəzlərin rasiona daxil edilməsi isə fərqli qida maddələrinin qəbulunu təmin edir.
Taxıl və paxlalılar da lifin mühüm mənbələri hesab olunur.
Gec yemək də ürəyə təsir edə bilər
R.Qasımova axşam saatlarında gec yeməyin də bəzi hallarda arzuolunmaz nəticələrə səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, gec saatlarda ağır qidaların qəbul edilməsi həzmi çətinləşdirə, yuxunun keyfiyyətinə mənfi təsir göstərə və uzun müddətdə çəki artımına səbəb ola bilər. Yeməkdən dərhal sonra uzanmaq da həzm sisteminə əlavə narahatlıq yarada bilər.
Yaş artdıqca qidalanmaya daha çox diqqət lazımdır
Kardioloq qeyd edib ki, yaş artdıqca orqanizmin enerji ehtiyacı və maddələr mübadiləsi dəyişir. Buna görə də yaşlı insanların qidalanmasında məhsulların keyfiyyətinə və porsiyaların ölçüsünə daha çox diqqət yetirilməlidir.
Yaşlılıq dövründə gün ərzində daha kiçik porsiyalarla, müəyyən edilmiş vaxtlarda qidalanmaq və kifayət qədər maye qəbul etmək vacibdir.
Ev şəraitində yemək hazırlayarkən məhsulların keyfiyyətinə və istifadə olunan duz və yağın miqdarına nəzarət etmək mümkündür. Qidanın çox yağda qızardılması əvəzinə daha yüngül hazırlanma üsullarından istifadə edilməsi tövsiyə olunur.
Həkim sonda vurğulayıb ki, gündəlik qəbul edilən kalorinin miqdarı insanın ehtiyaclarına uyğun olmalıdır.
75 views
