Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial yardım məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Müavinətlərin təyin olunması və ödənilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar əsasında həyata keçirilir.
Sosialmedia.az xəbər verir ki, sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.
Qanunvericiliyə əsasən, əmək qabiliyyəti olmayan şəxslər sırasına əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyalara aid övladları daxildir.
Aylıq sosial müavinət kimlərə verilir?
Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyalara aid şəxslərin aylıq sosial müavinət almaq hüququ var:
- müəyyən edilmiş şərtlərlə dövlət qulluqçuları – ömürlük müavinət;
- yaşa görə müavinət almaq hüququ olan şəxslər;
- əlilliyi olan şəxslər;
- ailə başçısını itirmiş şəxslər;
- 3 yaşınadək uşağa qulluq edən şəxslər;
- müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqları;
- valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları və himayəçiləri;
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələr;
- vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin həyat yoldaşı və ya öhdəsində olan uşağı;
- beşdən çox uşağı olan qadınlar;
- övladlığa götürülən uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar;
- himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyəsi ilə məşğul olan şəxslər.
Müavinət üçün hara müraciət etmək olar?
Müavinət almaq hüququ yarandıqdan sonra vətəndaş Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələrinə, DOST mərkəzlərinə və ya müəyyən kateqoriyalar üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.
Müraciətə, bir qayda olaraq, qeydiyyata alındığı gündən ən geci 10 gün ərzində baxılır və müvafiq qərar qəbul edilir.
Müavinətin təyin olunmasından imtina edildikdə isə müraciət edən şəxsə 5 gün ərzində imtinanın səbəbləri göstərilməklə rəsmi məlumat verilməlidir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.
Qanunvericiliyə əsasən, müavinət almaq hüququ yarandığı halda ödəniş ən çoxu müraciət tarixindən əvvəlki 3 illik dövr üçün həyata keçirilə bilər.
Dövlət qulluqçularına ömürlük müavinət necə verilir?
Dövlət qulluqçuları üçün ayrıca qaydada ömürlük sosial müavinət də nəzərdə tutulur. Bu ödəniş inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının pensiya yaşına çatması və ya əlilliyi ilə əlaqədar könüllü şəkildə dövlət qulluğundan ayrılması zamanı müəyyən şərtlərlə təyin edilir.
Bunun üçün dövlət qulluqçusunun dövlət qulluğunda azı 15 il qulluq stajı olmalı və əmək pensiyası almaq hüququ olmamalıdır.
Müavinət ömürlük təyin edilir. Şəxs yenidən dövlət qulluğuna qəbul olunduğu halda ödəniş dayandırılır.
Aylıq ömürlük müavinətin məbləği dövlət qulluqçusunun işdən ayrıldığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq dövlət məvacibi əsasında hesablanır. 12 aydan az dövlət qulluğunda çalışan şəxslər üçün hesablamada faktiki qulluq edilmiş tam təqvim ayları nəzərə alınır.
Ömürlük müavinətin məbləği hesablanmış dövlət məvacibinin 15 faizini təşkil edir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, mükafatlar və müxtəlif əlavələr də daxil edilir.
210 views
