Sosialmedia.az

İlham Əliyev FIFA prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

Sosialmedia.az xəbər verir ki, dövlət başçısı dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür edib.

Görüşdə qeyd olunub ki, gələn ay Azərbaycanda ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında FIFA U-15 dünya çempionatı və festivalı keçiriləcək. Həmçinin 2027-ci ildə Azərbaycanda təşkil olunacaq 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirilib. FIFA U-15 dünya çempionatı və festivalının Azərbaycanda 22–31 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev Azərbaycanın bu beynəlxalq idman tədbirlərində iştirakının önəmini vurğulayıb və onların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Canni İnfantino isə qəbula görə dövlət başçısına minnətdarlığını ifadə edib. O, ilk dəfə Azərbaycanda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının əhəmiyyətinə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini qeyd edib.

Görüşdə Azərbaycanda futbolun inkişafı istiqamətində görülən işlər, son dövrlərdə əldə olunan nəticələr və ölkəmizlə FIFA arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

 

124 views