Sosialmedia.az

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib

Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq üçün Azərbaycana gətirilib.

Sosialmedia.az xəbər verir ki, uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilib.

Onlar Agentliyin tabeliyində fəaliyyət göstərən Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.

Proqram çərçivəsində uşaqlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil ediləcək. Həmçinin onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanacaqlar.

Uşaqların Şəki və Şamaxı şəhərlərindəki tarixi məkanlara və muzeylərə ekskursiyaları da təşkil olunacaq.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

75 views