Sosialmedia.az

Xarici yük avtomobilləri ilə bağlı vergi güzəşti başa çatır

Xarici dövlətlərə məxsus müəyyən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün tətbiq olunan yol vergisindən azadolmanın müddəti 2026-cı ilin sonunda başa çatır.

Sosialmedia.az xəbər verir ki, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2025-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilib.

Güzəşt dəmir yolu ilə daşınan yüklərin Azərbaycanda müəyyən edilmiş son dəmir yolu stansiyasında xarici yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinə yüklənərək ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındığı hallara şamil olunur.

Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri ilə yüklərin digər dövlətin ərazisindən Azərbaycandakı müəyyən edilmiş ilk dəmir yolu stansiyasına qədər, ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşınması da yol vergisindən azaddır.

Beləliklə, 2025-ci il yanvarın 1-dən başlayan ikiillik müddət 2026-cı il dekabrın 31-də başa çatır. Güzəştin müddəti uzadılmadığı və ya başqa qayda müəyyən edilmədiyi halda, 2027-ci il yanvarın 1-dən qeyd olunan hallarda yol vergisindən azadolma tətbiq edilməyəcək.

Qeyd edək ki, hazırda güzəştlərin müddətinin uzadılması ilə bağlı aidiyyəti rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.

103 views