Sosialmedia.az

Azərbaycanda hava kəskin dəyişəcək – Yağıntı, dolu və qar gözlənilir

Oktyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-i gündüz saatlarından başlayaraq 5-dək ölkənin ayrı-ayrı ərazilərində yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan bölgələrinin bəzi rayonlarında şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçə biləcəyi ehtimalı var.

Oktyabrın 2-3-də ölkənin bəzi yerlərində qərb küləyi əsəcək, ayrı-ayrı ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

122 views