Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri iki ölkə arasında münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından diqqət çəkir.
Sosialmedia.az xəbər verir ki, siyasi şərhçi Turan Rzayev səfərin Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında iqtisadi əlaqələr inkişaf etsə də, siyasi münasibətlərdə vaxtaşırı müəyyən gərginliklər müşahidə olunub. Rəsmi Bakı Tehranla mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıdır.
Turan Rzayev qeyd edib ki, Azərbaycan indiyədək İrana qarşı yönəlmiş siyasi kampaniyalarda iştirak etməyib və Qərbin İrana qarşı iqtisadi sanksiyalarına qoşulmayıb. Onun sözlərinə görə, Bakı müxtəlif dövrlərdə regionda gərginliyin azaldılması və sülh çağırışları ilə çıxış edib.
Siyasi şərhçinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında mövcud siyasi dialoq ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.
Qeyd edək ki, Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda Prezident Məsud Pezeşkian, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai, həmçinin neft və enerji nazirləri ilə görüşlər keçirib. Görüşlərdə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfər çərçivəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, Ələt-Astara istiqamətində nəqliyyat imkanlarının genişləndirilməsi, Ağbənd-Kəlalə avtomobil körpüsünün istismara verilməsi və Astara yük terminalının imkanlarının artırılması kimi məsələlər də gündəmə gətirilib.
Turan Rzayev hesab edir ki, səfərin əsas istiqamətlərindən biri də İranda baş verən siyasi prosesləri və yeni siyasi şəraitin Azərbaycan-İran münasibətlərinə mümkün təsirlərini qiymətləndirməkdir.
Şərhçinin fikrincə, Azərbaycan İranla əməkdaşlığın genişləndirilməsində maraqlı olaraq balanslı siyasətini davam etdirə bilər. Bununla yanaşı, Bakı öz milli maraqları və təhlükəsizlik məsələləri ilə bağlı mövqeyini qoruyacaq.
Turan Rzayevin sözlərinə görə, Azərbaycan İranla iqtisadi və siyasi əlaqələrin inkişafında maraqlı olsa da, ölkənin milli maraqlarına və təhlükəsizliyinə toxunan məsələlərdə öz mövqeyini açıq şəkildə ifadə edəcək.
91 views
