Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə ahıl şəxslər və yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib.
Sosialmedia.az xəbər verir ki, Vətən müharibəsinin altıncı ildönümü və 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil olunan yarışın əsas məqsədi ahıl şəxslərlə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və asudə vaxtın səmərəli təşkilinə dəstək vermək olub.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov tədbirdə çıxış edərək şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin dövlətin diqqət mərkəzində olduğunu bildirib.
Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin sosial təminatı ilə yanaşı, cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir.
Yarış zamanı 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini, Araz-Naxçıvan PFK-nın qadınlardan ibarət U-16 komandasının üzvü Qənirə Zeynalova da iştirakçılara dəstək göstərib.
AFFA-nın peşəkar hakimlərinin idarə etdiyi qarşılaşma maraqlı mübarizə ilə yadda qalıb və 6:6 hesabı ilə başa çatıb.
Yarışın sonunda iştirakçılara təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi ilə AFFA arasında əməkdaşlıq çərçivəsində ahıl şəxslər üçün “Gəzinti futbolu” (Walking Football) sosial layihəsi də həyata keçirilir. Layihə çərçivəsində AFFA tərəfindən ayrılan məşqçilər ahıl şəxslər üçün məşqlər keçirirlər. Bu məşqlər onların fiziki aktivliyinin artırılmasına və sosial fəaliyyətlərə daha fəal cəlb olunmasına xidmət edir.
Tədbirin sonunda Agentliyin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri tərəfindən vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub
.
49 views







