Hər il 1 oktyabr – Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi qətnaməyə əsasən təsis olunan bu gün ahıl insanların hüquqlarına, rifahına və cəmiyyətdə fəal iştirakına diqqətin artırılmasına xidmət edir.
Sosialmedia.az xəbər verir ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə 70 yaşına çatmış şəxslər ahıl hesab edilir.
Azərbaycanda ahıl şəxslərin sosial təminatla əhatə olunması və rifahının yüksəldilməsi dövlət sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Ahıl şəxslərin sosial təminatında pensiya sistemi xüsusi əhəmiyyət daşıyır. 2018-ci ildən etibarən həyata keçirilən 5 sosial islahat paketi çərçivəsində sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bu dövrdə minimum və orta aylıq pensiyanın məbləğində 3 dəfəyədək artım təmin olunub.
Bundan əlavə, hər ilin əvvəlində pensiyaların indeksləşdirilərək artırılması həyata keçirilir.
Ahıl şəxslərin fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində də müxtəlif layihələr reallaşdırılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində yaşlı və ahıl şəxslərin fəal həyat tərzinin dəstəklənməsi, onların sosial həyata daha geniş cəlb olunması və sağlam yaşamının təşviqi məqsədilə müxtəlif tədbirlər təşkil edilib.
Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan sakinlərə humanitar tədbirlər çərçivəsində dəstək göstərilir.
Hazırda həmin müəssisədə 210 ahıl şəxs daimi dövlət himayəsində yaşayır. Müəssisədə sakinlərin rahatlığı və sosial ehtiyaclarının qarşılanması üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Tənha ahıl şəxslərin sosial xidmətlərlə təmin olunması istiqamətində də işlər davam etdirilir. Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən hazırda ölkə üzrə 3 600-dək tənha ahıla evlərində sosial xidmət göstərilir.
Bununla yanaşı, Agentliyin sosial sifarişləri əsasında Bakı, Gəncə və Sumqayıt şəhərlərində, həmçinin Lənkəran, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən günərzi qayğı mərkəzlərində 200 ahıl şəxsə sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.
Ahıl şəxslərə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, onların sosial həyata daha fəal inteqrasiyasının təmin edilməsi və xidmətlərin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.
103 views
