Sosialmedia.az

Bakıda güclü yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də leysan xarakterli intensiv yağış yağacağı gözlənilir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər saatlarında yağışın güclü olacağı ehtimal edilir. Həmçinin güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-15°, gündüz isə 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı bildirilir.

Rayonlarda mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 12-16°, gündüz 16-20° isti, dağlıq ərazilərdə isə gecə 2-5°, gündüz 5-8° isti olacaq.

85 views