Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə hadisəsi baş verib. İlkin məlumatlara görə, 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Sosialmedia.az xəbər verir ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.
AQTA-nın məlumatına görə, ilkin araşdırmalar zamanı hadisəyə şagirdlərdən birinin məktəbə gətirdiyi istifadə müddəti bitmiş şirniyyat məhsulunun səbəb olduğu ehtimal edilir.
Agentlik bildirib ki, hadisənin səbəblərinin tam müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Araşdırmalar davam edir və görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bundan əvvəl bildirilib ki, saat 10:20 radələrində 11 oğlan və 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən verilən məlumata görə, şagirdlərə zəruri tibbi xidmətlər göstərilir. Onların müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.
83 views
