Sosialmedia.az xəbər verir ki , sentyabrın 16-da Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb və qarşıya qoyulan məqsədlərə diqqət çəkib.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev işğaldan azad olunduqdan sonra Şuşa, Xocalı, Xankəndi şəhərlərində, eləcə də Laçın rayonunun Sus kənd tam orta məktəbində ilk zəng çalındığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, azad olunmuş ərazilərdəki məktəblərdə 1 410 şagird təhsil alır. Onlardan 149-u birinci sinfə gedir.
İdris İsayev çıxışı zamanı Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə ölkədəki məktəblərin 80 faizinin yeniləndiyini vurğulayıb. Nazir müavini 2024–2025-ci tədris ilində 29 yeni məktəbin istifadəyə verildiyini diqqətə çatdırıb. İdris İsayev həmçinin 83 təhsil müəssisəsinin tikintisinin davam etdiyini, 37 məktəbin layihələndirilməsinin həyata keçirildiyini və 670-dən çox məktəbin təmir olunduğunu bildirib.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
219 views