Sosialmedia.az xəbər verir ki , ötən gün “TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıblar. Onların əxlaqsızlığı birmənalı şəkildə təbliğ etmələri narazılığa səbəb olub. Bu həbslərə sevinənlər də az deyil. “TikTok”un, ondan bütün yaş kateqoriyasından olan insanlar istifadə etdiyi üçün, zərərli platformaya çevrildiyini iddia edənlər də var.
Platforma istifadəçiləri diqqət çəkmək, daha çox izləyici qazanmaq məqsədilə əxlaqsız və ya qeyri-münasib davranışları nümayiş etdirirlər. Bu tip məzmunun yayılması insanları narahat edir və xüsusilə gənc izləyicilər üzərində mənfi təsir yaratma riski daşıyır.
Mənfi məzmunun və əxlaqsız davranışların qarşısını almaq üçün sosial şəbəkələrin idarəçiləri, xüsusilə də “TikTok”, daha ciddi tədbirlər görməlidir. Uyğun olmayan məzmunun sürətli şəkildə silinməsi, istifadəçilərin yaş qruplarına uyğun məzmunu daha asan seçə bilməsi və təhsil yönümlü təşəbbüslərin artırılması vacibdir.
Mövzu ilə açıqlama verən Milli Məclisin deputatı Aqil Abbasın sözlərinə görə, “TikTok” u bağlamaq olmaz:
“TikTok”dan istifadə etmirəm. Ona görə də heç bir fikrim də yoxdur. İnsanların həbs olunmasına sevinmək də yaxşı deyil. Əgər onların hərəkətində əxlaqsızlıq varsa, araşdıracaqlar. Əməllərində cinayət tərkibi varsa, məsuliyyətə cəlb olunacaqlar.
İnternetdən başqa məqsədlər üçün istifadə etmək, əxlaqsızlığı yaymaq, əvvəla qadağandır. İnsanın özünün tərbiyəsi var. İndi onların nə edib-etmədiyini bilmirəm. “TikTok”u izləmirəm. Bir sual yaranır: cəmiyyətdə niyə belələrini izləyirlər? Əxlaqsızlığı təbliğ edənləri niyə izləyirlər? İzləməsinlər. “TikTok”u bağlamaq da olmaz. Biz demokratik bir ölkədə yaşayırıq”.
Sabiq deputat Etibar Əliyev qeyd edib ki, təhsili olmayan, ailə tərbiyəsi görməyən insanlar var ki, özlərini bu platformada göstərmək istəyirlər:
“Onlar “TikTok”da öz varlıqlarını sübut etməyə çalışırlar. O şəxslərin saxlanılmasını müsbət qarşılayıram. Ölçü olmalıdır. Onlar intellektual şəxs deyillər. Barələrində ciddi ölçü götürülməlidir. Sosial şəbəkə açıq məkandır. Hər kəs daxil ola bilər.
62 views