Hətta müasir cəmiyyətdə vərəm ən təhlükəli infeksiyalardan biri sayılır.
Vərəm tək ağciyərləri deyil, insanın, demək olar, bütün orqanları zədələyə bilir (sümükləri, oynaqları, limfatik düyünləri, gözləri, dərini, cinsiyyət və sidik ifrazatı orqanlarını, yoğun bağırsağı və s.).
Hal hazırda bu xəstəlik uğurla və tam müalicə olunur. Lakin buna baxmayaraq hər il bütün dünyada bu xəstəliyə tutulan və bu xəstəlikdən həlak olan insanların sayı da artır…
Vərəm infeksiyasına hər bir insan yoluxa bilər. Məhz bu səbəbdən hər bir insan bu xəstəliyinin erkən simptomlarını və onun profilaktik üsullarını bilməlidir.
Vərəmin ilkin simptomları:
– səbəbsiz və tez-tez baş verən yorğunluq;
– halsızlıq;
– iş qabiliyyətinin kəskin azalması (uşaqlar məktəbdə pis oxumağa başlayır);
– təngnəfəslik;
– iştahanın və çəkinin azalması;
– gecə tərləmələri;
– uzunsürən öskürək (soyuqdəymə, bronxit, pnevmoniya zamanı olan öskürəklə müqayisədə vərəm zamanı öskürək çox uzun çəkir və heç bir müalicəyə baxmayaq keçmir);
– hərarətin “səbəbsiz olaraq” 37,2-37,8 C-yə qədər qalxması;
– əsəbilik.
Bu simptomların heç olmazsa bir neçəsini müşahidə etdikdə, mütləq həkimə müraciət edin.
Bir çox hallarda insanlar vərəmin bu simptomlarına fikir vermir və onları yorğunluq, stress, digər xəstəliklər və pozulmalarla izah edirlər. İnsanların əksəriyyətində vərəm məhz üzücü qanlı öskürəklə assosiasiya olunur. Lakin bu belə deyil. Xəstəliyin ilkin mərhələlərində öskürək olmaya da bilər.
Vərəmin məhz ilkin mərhələlərində aşkar olunması çox vacibdir! Bu halda xəstə vərəmdən tam müalicə olunur. Gecikmiş mərhələlərdə aşkar olunmuş vərəm isə çətinliklə müalicə olunur və insanın bütün həyatına mənfi təsir edir.
Vərəmin profilaktikası
Həkimlər sübut edir ki, insanların əksəriyyəti həyat boyu vərəm infeksiyasına tutulur. (Bu infeksiya çox yayılmış və davamlıdır.) Lakin buna baxmayaraq, həkimlərin fikirinə görə, bu infeksiyaya yoluxmuş insanlardan yalnız 5%-də vərəm xəstəliyi inkişaf edir. Bəzən bu xəstəliyi keçirməmiş və digər səbəblərə görə vəfat etmiş insanların meyitlərinin yarılması zamanı həkimlər vərəm çapıqları və bu xəstəliyə işarə edən digər əlamətlər aşkar edir. Bu o deməkdir ki, vərəm infeksiyasına tutulmuş insanların bir çox hissəsi bu xəstəliyi özləri bilmədən gizli şəkildə keçirir və tam sağalırlar.
Ümumiyyətlə sağlam və möhkəm insan orqanizmi vərəm infeksiyası üçün yaxşı “sığınacaq” deyil. Burada infeksiya tam məhv olunur və ya tam zərərsizləşdirilir.
Vərəmin qeyri-spesifik profilaktikası immunitetin daim möhkəmləndirilməkdən ibarətdir. Lakin bunun üçün orqanizmə kömək etmək lazımdır. Bunu necə etmək olar?
– İnsan daim (!) tamdəyərli və keyfiyyətli qidalanmalıdır. Süd məhsulları, ət, təzə meyvə-tərəvəz insanın gündəlik rasionunda olmalıdır. Süd məhsullarını xüsusilə vurğulamaq lazımdır. Bu məhsulların tərkibində olan kalsiumun köməyilə insan orqanizmi vərəm infeksiyası ocaqlarının ətrafında sanki divar (əhəngli yığınlar) tikir ki, daha sonra infeksiya bu “divarı” keçə bilmir və nəticədə bütün orqanizmə yayılmır. Bu üsulla orqanizm infeksiyanı zərərsizləşdirir. Lakin kalsium orqanizmə kifayət miqdarlarda daxil olmadıqda bu əhəngli yığınlar sorula bilər ki, nəticədə burada qapadılmış infeksiya orqanizmə yayıla bilər.
Arıqlamaq məqsədi ilə tutulan uzunmüddətli və xüsusilə balanslaşdırılmamış (hər hansı 1 məhsulla qidalanma – məsələn, alma pəhrizi, qarabaşaq pəhrizi və s.) pəhizlər insanda vərəmin inkişafına təkan verə bilər.
– Bir çox xəstəliklərin (o cümlədən, vərəmin) inkişafı insanlarda ağır streslərdən, həyacanlanmalardan, sarsıntılardan sonra baş verir ki, bu zaman insanın immun sisteminin kəskin zəifləməsi baş verir. Bu səbəbdən insan mümkün qədər streslərdən uzaq olmağa çalışmalıdır.
– İnsan hər gün açıq havada olmalıdır. Açıq havada keçirilən idman məşğələləri (qaçmaq, bədən tərbiyyəsi ilə məşğul olmaq, velosiped sürmək və s.) xüsusilə xeyirlidir.
– Yaşadığı evin və ev əşyalarının daim təzmizlənməsi və evin havasının dəyişilməsi (gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində) də vərəmin və bir çox digər infeksiyaların yayılmasına maneçilik törədir.
76 views