“Əlilliyi olan insanlar üçün bərabər məşğulluq imkanlarının təmin edilməsi” layihə çərçivəsində SPTM və Müstəqil Həyat təşkilatlarının nümayəndələri Əhəd Kazımov və Aydın Xəlilov Sumqayıt şəhərində əlilliyi olan şəxsləri ilə görüşüblər.
Sosialmedia.az xəbər verir ki, görüşün təşkilində “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasina dəstək” ictimai birliyinin rəhbəri Səbinə Kərimova kömək edib. Görüşdə iştirakçılara layihə haqqında məlumat verilib və bu təşəbbüs çərçivəsində hazırlanmış məlumat broşürləri təqdim olunub. İştirakçılar “Destokolaq.az” internet saytı ilə də tanış olub və Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə Aydın Xəlilov və Əhəd Kazımov əlilliyi olan şəxslərin sosial inteqrasiyasının vacibliyini vurğulayaraq bu sahədə vəziyyətin yaxşılaşdırılması yollarını müzakirə ediblər. Onlar həmçinin ümumi məqsədlərə nail olmaq üçün digər təşkilat və qurumlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Səbinə Kərimova öz növbəsində layihənin əlilliyi olan insanlara göstərdiyi dəstəyə və köməyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür görüşlər hər bir insanın öz potensialını reallaşdıra biləcəyi daha inklüziv cəmiyyətin yaradılmasına kömək edir.
Sonda görüş iştirakçıları gələcək əməkdaşlığa və əlilliyi olan şəxslərin dəstəklənməsinə yönəlmiş sosial layihələrin inkişafına ümidvar olduqlarını bildiriblər.
55 views