Bu müsahibədə QHT.az Rusiyada yaşanan son terror hadisələri və Azərbaycanın sərhədlərinin qorunması barədə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimovadan müsahibə alıb. Əvvəlcə, Rusiyada nə baş verdiyini və nəinki Rusiyanın, Azərbaycanın belə hadisələrlə bağlı mövqeyini müzakirə edəcəyik. Sonra isə terrorizm və radikallığa qarşı mübarizəyə dair tədbirləri və bu tədbirlərin effektivliyini də qiymətləndirəcəyik.
Rusiyada xarici ölkə vətəndaşlarının əli ilə törədilmiş terror hadisəsi bir daha Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı saxlanmasının üstünlüklərini nümayiş etdirdi. Bu günlərdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhd faktı da göstərir ki, indiki bu cür həssas dövrdə açıq quru sərhədləri ölkə üçün hansı riskləri yarada bilərdi?
Səbinə Kərimova: Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror hadisəsi həm də Rusiyada Prezident seçkiləri sonrası gözlənilməz bir hadisə idi. Ümulikdə hər bir ölkə terror aktı ilə üzləşə bilər. Buna görə hazır və ayıq-sayıq olmaq lazımdır. Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı saxlanmasının üstünlüklərinindən biri elə budur. Bu günlərdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhd faktı da göstərir ki, indiki bu cür həssas dövrdə açıq quru sərhədləri ölkə üçün təhlükədir. Çünki ölkəyə gizli yolla gələnləri nəzarətdə saxlamaq üçün bəli quru sərhədlərin bağlı saxlanılması düşünürəm düzgün qərardır . Düzdür Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmişə işini düzgün aparır və biz bunu II Qarabağ savaşında, həm də ondan sonrakı dövrdə Qarabağda fəaliyyət göstərən qondarma respublikanın prezident və nazirlərinin həbsində eləcə də Azərbaycan üçün təhdid yarada bilən istənilən şəxslərin həbsində görmüşük. DTX Azərbaycanda sabitliyin bərqərar olması üçün misilsiz xidmətlər göstərir. Biz də vətəndaş olaraq öz ölkəmizin sabitliyi üçün ayıq-sayıq olmalıyıq. Bundan əlavə mən də düşünürəm ki, açıq quru sərhədlər hazırkı dönəmdə təhlükənin əsas mənbəyi hesab olunur.
Rusiya və Azərbaycan arasında yaşanan terror hadisələri haqqında fikirləriniz nədir? Bu hadisələrin siyasi və mədəni münasibətlərə olan təsiri haqqında nə düşünürsünüz?
Səbinə Kərimova: Bu terror aktının törədilməsi isə Azərbaycanın siyasi və mədəni münasibətlərinə heç bir mənfi təsirini göstərə bilməz deyə düşünürəm.. Azərbaycanın ən azı son dövrlər Rusiya ilə münasibətləri həmişəkindən daha üst səviyyədədir. Qərb bu münasibətlərə görə Azərbaycana hətta təzyiqlər edir, Rusiyanın yanında olmaqla günahlandırır. Düşürəm Rusiya bu məsələdə Azərbaycanı günhalandıra bilməz. Çünki Azərbaycan mövqeyi bəlli olan ölkələrdəndir. Azərbaycan sülh, əminamanlıq və rifahı düşünən, qonşular ilə sülh şəraitində yaşamağı sevən bir ölkədir.
Vladimir Solovyov kimi tanınmış bir şəxsin bu hadisələrlə bağlı ifadə etdiyi mövqe həqiqətən dərindən incələnməlidir. Onun fikirləri haqqında nə düşünürsünüz?
Səbinə Kərimova: Vladimir Solovyov öz ampulasında davam edir baxmayaraq ki,dəfələrlə eyni vəziyyət təkrar olub, hətta danışdıqları sözlərə görə Azərbaycandan üzr də istəyib. Amma onun Azərbaycana qarşı mövqeyi bəllidir, çünki ermənipərəst biridr. Hətta onun kimi bir neçə nəfər var ki, Azərbaycana qarşı hər zaman hədə dili ilə danışırlar. Məsələ ondadır ki, Solovyov və onun kimiləri hesab edirlər ki, Rusiyanın imicini ilk olaraq Azərbaycan yerlə bir edib. Bunu özləri etiraf edirlər. Azərbaycan öz ərazilərini Rusiyanın qarşı çıxmasına rəğmən 44 günlük müharibədə azad etməklə, Ermənistanın sahib olduğu rus hərbi texnikalarını müasir silahlarla məhv etməklə Rusiyanın imicinə elə bir zərbə vurdu ki, bundan sonra Rusiya dünya çapında öz gücünü və imicini itirdi. Bu isə onlar üçün bağışlanılmazdır. Çünki bizim hər birimiz 44 günlük müharibə zamanı Salavyovun Azərbaycana qarşı mövqeyini və onun danışdıqları cəfəngiyyatların şahidi olmuşuq. Onun kimilər hər zaman Azərbaycanı vurmaq üçün məqam gözləyir. Ancaq çox gözləməli olacaq və biz Salavyovun üzürlərini bundan sonra da eşidəcəyik.
Bu cür terror hadisələri mədəniyyətlər arasında qarşılıqlı anlayış və münasibətlərə ziyan vururmu?
Səbinə Kərimova: Ümumilikdə teror hadisələri insanlara ziyan vurduğu kimi ölkələrin də qarşılıqlı münasibətlərinə və mədəniyyətlərinə ziyan vurur. Çünki terrorun nə dini var,nə də miliyyəti.O, dağıdıcı və məhv edici qüvvədir. Hazırda müasir terrorizmin miqyası və həyata keçirilmə mexanizmləri dəyişib. Əgər XIX əsrdə terrorizm “individual” xarakter daşıyırdısa, artıq keçən əsrin sonlarından başlayaraq bu “individuallığı” “kütləvilik” əvəz edir. Yəni əvvəllər hər hansı bir terrorist soyuq və isti silahla yalnız cəmiyyətdə xüsusi çəkiyə malik olan bir və ya bir neçə şəxsi məhv etmək istəyirdilər. Nəticədə, onlar cəmiyyətdə vahimə və qorxu yaradaraq mövcud vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Teror aktları əvvəllər bir nəfəri öldürməklə bitirdisə, müasir terrorizmin əsas hədəfi günahsız mülki şəxslərdir. Yalnız bir terror aktı yüzlərlə, hətta minlərlə insanın məhvinə səbəb ola bilər.Hətta böyük bir cəmiyyətin məhvinə səbəb ola bilər. Cəmiyyətin məhvi isə qarşılıqlı anlayışa və münasibətə ziyan vuracaq.
Medya və mətbuatın bu cür hadisələri təqdim etmə üsulları haqqında fikirləriniz nədir? Real və obyektiv xəbərlərin önəmi nə qədərdir?
Səbinə Kərimova: Medya və mətbuatın bu cür hadisələri təqdim etmə üsulları heç də ürək açan deyil. Medya demək olar ki, bu barədə çox az məlumat paylaşır. Terrorla bağlı medya daha çox insanları məlumatlandırmalıdır. Hər bir şəxs öz üzərində məsuliyyət hiss etməlidir. Bu barədə real və obyektiv xəbər verilməlidir. Çox təssüf ki, bu gün biz onu görmürük. Gündəmizi şou-biznes xəbərləri tutub. Medyanı da çox qınamıram çünki insanlar ciddi xəbərlərə önəm vermirlər. Onlar üçün əyləncə daha üstünlük təşkil edir. Yəni üstünlük reytinqi olanlardadır.
Hər iki ölkədə terrorizm və radikallığa qarşı mübarizədə hansı addımların atılması lazımdır? Bu addımların müvafiq dərəcədə etkili olduğunu düşünürsünüzmü?
Səbinə Kərimova: Düşünürəm hər iki ölkədə terrorizm və radikallığa qarşı mübarizə səylərini artırmalıdır. Bu kimi halların qarşısının alınması üçün cəmiyyətin bütün təbəqələri, xüsusilə siyasətçilər, müəllimlər, alimlər, dindarlar və din xadimləri bütün səylərini ortaya qoymalıdırlar. Terroru aradan qaldırmağın əsas yolu insanlar arasında sevgi, xoşgörü, tolerantlıq, sülh kimi anlayışların təbliğ edilməsidir. Ümumilkdə dünya terrorla mübarizədə birgə fəaliyyət göstərməli və terrorçulara qarşı anamsız olmalıdırlar. Çünki terror insanlığın və bəşəriyyətin bəlasıdır.
Pərvanə Fərhadqızı
37 views