Azərbaycan kanallarına az baxıram. Məsələn, İctimai TV-də maraqlı layihələr olur. Hansı kanala çevirirsən, mətbəx, musiqiçilər, divan və aparıcıdır. Baxırsan ki, qonaq 1 saatdan sonra o biri kanaldadır. Kanalın loqosu dəyişməsə, elə bilirsən ki, həmin veriliş davam edir. Məzmun qıtlığıdır. Yəqin, bütün bunları tamaşaçının zövqünə uyğun edirlər.
Sosialmedia.az xəbər verir ki, bu sözləri əməkdar artist Rafael İsgəndərov “Künc-bucaq” Yutub layihəsində deyib.
O, kanalları tənqid edib:
“Hər kanalın bir verilişi var ki, reytinqləri qırır: Zaur Kanal, Zaur Baxşəliyev, Elgiz Əkbər, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaşın verilişləri. Bunu da tamaçaşı istəmir. Amma baxılır ki, reytinq qazanırlar. Bəlkə də problem kanal sayının çoxluğundadır. Biz seriallara görə çox türk kanalının adını əzbər bilirik.
Məsələn, məndən soruşublar ki, “Survivor” kimi verilişi bizdə niyə etmirlər? Təşəbbüs göstərsəm, hansı kanala getsəm, deyəcək, sponsorunu gətir. O verilişin əziyyəti çoxdur. Düzdür, əziyyətsiz iş yoxdur. Onu Azərbaycanda çəkmək üçün hər cür şərait var. Bunu istəsək, etmək olmaz?
Murad Dadaşovun (Xəzər TV-nin rəhbəri, xalq artisti – red.) “Maşın şou”su maraqlı deyildi? Belə bir layihə etmək olmaz ki? Nə olsun, kürsüdədir? Acun (TV-8-in rəhbəri Acun İlıcalı – red.) da çox böyük kürsüdədir. Nə olsun? O da böyük kanalın rəhbəridir. Bu, reallıqdır. Özü veriliş aparır, prodüserlik edir. Mən inanmıram ki, Murad Dadaşov da eləcə kresloda oturacaq. Yəqin ki, o layihəni davam edər”.
153 views