Ürək nahiyəsində olan ağrılar-Özəl

Sosialmedia.az xəbər verir ki, ürək nahiyəsində döş sümüyü arxasında olan ağrılarla tez-tez müraciət olunur. Lakin ürək nahiyəsində olan hər bir ağrı həmişə ürəklə əlaqəsi olmur.

Ağrılar xarakterindən və iradiasiyasından asılı olaraq müxtəlif səbəblərdən əmələ gəlir.

Ürək ağrıları daha kəskin hiss edilir

Əsasən, ürəklə bağlı olan ağrılar, demək olar ki, daha kəskin, ürək nahiyəsində, sıxıcı, deşici ağrılarla özünü büruzə verir. Xəstələr ağrını bir barmaqla deyil, əlinin içi ilə, bütün əlinin içi ilə təsvir edirlər. Və ağrılar sol qola, sol dirsəyə, hətta bir barmağa, boynuna, alt çənəyə, kürəyə iradiasiya edir. Və ürək nahiyəsində olan ağrılar hərəkətdən asılı deyil. Yəni hərəkət zamanı və yaxud da sakit vəziyyətdə ağrılar daimi olur və nitrat preparatların qəbulu zamanı sakitləşir.

Qabırğa arası nevralgiya

Digər ağrılar qabırğa arası nevralgiya ağrılarıdır. Bu ağrılar zamanı xəstələr ağrının xarakterini sancı şəkilli, deşici şəkilli olduğunu ifadə edirlər və ürək ağrılarından fərqli olaraq burada hərəkətdən asılı olur. Dərin nəfəs alma və hərəkət zamanı ağrılar kəskinləşir. Və ya xəstə müəyyən bir məcburi vəziyyət alaraq ağrını bir qədər yüngülləşdirməyə çalışır. Və ağrıkəsici preparatların təsirindən ağrılar sakitləşir.

Sinir ağrıları

Digər ağrılar, əsasən, gənc yaşlı insanlarda rast gəlinir. Bu ağrılar sinir ağrılarıdır. Bu zaman xəstələr ağrını bir barmağı ilə ürək nahiyəsində bir və bir neçə nöqtədə göstərirlər və ağrılar sancı şəkilli olur. Bu ağrılar ağrıkəsici preparatların qəbulundan deyil, sakitləşdirici preparatların qəbulundan sonra yüngülləşir.

Əzələ ağrıları

Digər ağrılar sinir ağrıları, əzələ ağrılarıdır ki, bu zaman palpasiya etdikdə (təzyiq etdikdə) ağrı nöqtələri aşkarlanır.

Osteoxodroz ağrıları

Yaşlı insanlarda baş verən ağrılar, əsasən, osteoxondroz ağrılarıdır. Bu ağrılar onurğanın döş şöbəsinin osteoxondrozu zamanı müşahidə olunur. Və ağrı küt şəklində sıxıcı ağrılar kimi xarakterizə olunur. Ağrıkəsicilərin təsirindən ağrılar sakitləşir. Ancaq yaddan çıxarmaq lazım deyil ki, yaşlı insanlarda, eyni zamanda həm osteoxondroz, həm miozit, həm nevrit olmaqla yanaşı, ürək problemləri də ola bilər. Stenokardiya, miokard infarktıola bilər. Yaşlı insanlarda daha ətraflı differensasiya etmək lazımdır.

Hamilə qadınlar isə ürək nahiyəsində olan ağrılara görə heç bir preparat qəbul etmədən həkimə müraciət etməlidirlər.

Ürək nahiyəsində olan hər bir ağrı zamanı vaxtında differensasiya edib diaqnoz qoymağa gecikməyin.

435 views