Qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti ölkəmizdə sosial problemlərin həllində, vətəndaşların hüquqlarının müdafiəsində və cəmiyyətin inkişafında mühüm rol oynayır. Bu təşkilatların liderləri isə özlərini tamamilə bu işlərə həsr edirlər. Bugünkü müsahibəmizdə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova ilə iş və istirahət balansı haqqında danışdıq.
Sosialmedia.az: İstirahət edirsinizmi və ya edəcəksinizmi?
Səbinə Kərimova: “İstirahət etmiyəcəm, çünki hazırda layihə icra edirik. Bundan sonra da dərslərimiz başlayır və inanmıram ki, istirahətə vaxt qalsın. Ümumilikdə mənim yadıma gəlmir son 5 ildə nə vaxt istədiyim kimi istirahət etmişəm. Çox təssüf ki, istirahətimizə zamanımız yoxdur.”
Sosialmedia.az: Gündəlik işlərinizi idarə edərkən şəxsi istirahətinizə necə vaxt ayırırsınız və bu, iş performansınıza necə təsir edir?
Səbinə Kərimova: “Bizim işdə istirahət etmək olmur çünki özümüzə zaman ayırmağa vaxt qalmır. Biz cəmiyyətə xidmət edirik. Bizim işimiz elədir ki, hətta nahar, şam edəndə də bizə zəng edən insanların suallarını cavablandırırıq və onların problemlərinin həlli üçün bütün zamanımızı veririk. Təşkilat üzvləri üçün təşkil etdiyimiz bir günlük gəzinti turlarında belə gərginlikdən istirahət etmək olmur. Bizim üçün ən gözəl istirahət evdə televizora vaxt tapıb baxmaq olur.”
Sosialmedia.az: Sizcə, qeyri-hökumət təşkilatlarında iş və istirahət balansını təmin etmək nə dərəcədə çətindir və bununla bağlı hansı problemlərlə qarşılaşırsınız?
Səbinə Kərimova: “QHT-lər bütün ili dayanmadan işləyirlər. Mən inanmıram ki, hansısa işləyən QHT-nin istirahətə zamanı qalsın. Bir günlük harasa gəzintini nəzərə almasaq, demək olar ki, bütün ili dayanmadan işləyirlər. Hər kəs istirahətə fərqli yanaşır: kim üçün istirahət evdə oturmaqla, kim üçün gəzməyə getməklə və ya bağda dincəlməklə olur. Mənim üçün istirahət ailəmlə birlikdə dincəlməkdir. Buna isə son zamanlar demək olar ki, vaxt qalmır. QHT-ların əsas işi onlara müraciət edən hər kəsin problemini həll etməkdən ibarətdir. Buna görə istirahətə gedəndə də zəng edib nəyisə xahiş edirlər və QHT də bütün zamanını bu problemin həllinə sərf edir. Ona görə istirahət etmək demək olar ki, yox səviyyədə olur.”
Müsahibə üçün vaxt ayırdığına və dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə Səbinə Kərimovaya dərin təşəkkürümüzü bildiririk. Bu müsahibə qeyri-hökumət təşkilatlarında işləyən insanların nə qədər fədakar olduğunu və onların işlərinin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi.
600 views