Azər Allahverənov Kürdəxanı qəsəbəsində seçicilərlə görüşüb-Özəl

Sosialmedia.az xəbər verir ki , 1 sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizəd Azər Allahverənovun Kürdəxanı qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.

 

Görüşü giriş sözü ilə açan qəsəbə ağsaqqalı Yamin Nəzərov millət vəkilliyinə namizədi tədbir iştirakçılarına təqdim edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm Zəfərdən sonra ölkədə ilk dəfə Milli Məclisə keçirilən seçkilər barədə danışan Azər Allahverənov bu hadisənin ölkənin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib və bütün seçicilərin bu prosesdə fəal iştirak etməyə çağırıb.

 

Həyat yoluna nəzər salan Azər Allahverənov müxtəlif dövrlərdə çalışdığı sahələrdə qazandığı bilik və bacarığını gələcək fəaliyyətlərdə necə istifadə edəcəyi barədə danışıb. Seçkiqabağı platformasının ayrı-ayrı aspektləri haqqında danışan deputatlığa namizəd seçicilər tərəfindən ona etimad göstərildiyi təqdirdə seçki dairəsini əhatə edən kənd və qəsəbələrdə görəcəyi işlər, öz səlahiyyətləri daxilində həyata keçirəcəyi fəaliyyətlər barədə söz açıb.

 

Çıxış edən qəsəbə Sabunçu rayon ziyalısı İlham Mustafayev və Kürdəxanıda yaşayan digər seçicilər deputatlığa namizəd Azər Allahverənovun çıxışı zamanı qeyd olunan fikirlərə münasibət bildiriblər və parlament seçkilərində fəal olacaqlarını əminliklə vurğulayıblar.

 

Eyni zamanda tədbir iştirakçıları qəsəbə üçün aktuallığı ilə xarakterizə edilən sosial məsələlər barədə danışıblar və bu müraciətlərinin aidiyyəti üzrə təqdim olunmasını xahiş ediblər.

 

Sonda Azər Allahverənov görüş iştirakçılarının suallarını cavablandırıb.

622 views