1 sentyabr 2024-cü ildə keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində, 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizəd Azər Allahverənov Zabrat qəsəbəsində yaşayan seçicilərlə növbəti görüşünü keçirib.
Sosialmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İlham Mustafayev Azər Allahverənovun zəngin peşəkar təcrübəsi və həyat yolu haqqında danışaraq, onun geniş bilik və bacarığa malik olduğunu vurğulayıb. O, seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və səsvermədə vicdanlı seçim etməyə çağırıb.
Öz çıxışında Azər Allahverənov, Sabunçu rayonunda keçmişdə həyata keçirdiyi layihələr barədə danışıb və Milli Məclisə seçiləcəyi təqdirdə bu fəaliyyətləri daha da genişləndirəcəyini vurğulayıb. O, xüsusilə Zabrat qəsəbəsində mövcud olan problemlərin həllində qurumlararası əlaqələndirmənin vacibliyini qeyd edib və gələcəkdə bu istiqamətdə daha səmərəli fəaliyyət göstərəcəyini bildirib.
Zabrat qəsəbəsinin sakinləri də öz çıxışlarında yaşadıqları ərazilərdəki mövcud problemlər barədə məlumat verərək, həmin məsələlərin müvafiq qurumlar qarşısında qaldırılmasının əhəmiyyətini vurğulayıblar.
Görüşün sonunda iştirakçılar Azər Allahverənova etimad etdiklərini və qarşıdan gələn seçkilərdə ona səs verəcəklərini ifadə ediblər. Allahverənov isə seçicilərin suallarını ətraflı cavablandırıb.
808 views