Nanənin faydaları -Özəl

Sosialmedia.az xəbər verir ki , nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.

 

Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik , köpəleyhinə dərman preparatları hazırlanır.

 

Saglamolun.az bildirir ki, nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən nanə uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaltmaq üçün gıcgahlarınıza nanənin efir yağını çəkin.

Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq.

 

Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir.

Mikrobəleyhinə təsirinə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır, ishal zamanı kömək edir.

 

Ürəkbulanması zamanı nanə ilə konfetlər və ya nanə dəmləməsi çox yaxşı kömək edir.

 

Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob- və iltihabəleyhinə təsirlərə malikdir. Soyuqdəymə zamanı nanə çayı için. Nanə efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir. Bunun üçün enli qaba qaynar su töküb içinə 3-5 damcı nanə efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın.

Ağız boşluğu və damaqlar iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsi ilə tez-tez qarqara edin.

Nanə qadın otu sayılır. Nanə dəmləməsi menstruasiyadan əvvəl və menstruasiya zamanı qadınları narahat edən ağrılar və spazmları azaldır, klimaks zamanı qadınlara kömək edir.

Nanə kosmetologiyada da geniş istifadə olunur. Nanə dəmləməsi ilə olan isti və soyuq kompreslərin növbələşməsi üz dərisini daha elastik edir, cavanlaşdırır. Bunun üçün pambıq salfeti əvvəl isti dəmləmədə isladın və 2-3 dəqiqə ərzində üzünüzdə saxlayın, daha sonra isə soyuq dəmləmədə saxlayın və yenə də 2-3 dəiqiqə ərzində üzünüdə saxlayın. Bunu 2-3 dəfə edin (axırıncı soyuq kompres olmalıdır).

Nanə dəmləməsi üz dərisində olan iltihabları azaldır, saçlar üçün də çox xeyirlidir. Saçlarınızı yuduqdan sonra yaxşı süzülmüş nanə dəmləməsi ilə yaxalayın və qurudun.

 

Nanə dəmləməsi ilə həmçinin ayaq vannaları etmək olar. Belə vannalar göbələk infeksiyası ilə mübarizə aparır, xoşagəlməz iyi aradan qaldırır.

548 views