Beynəlxalq Cinayət Məhkəməsi: İki standartlar və maraqlara xidmət edən qurum

Beynəlxalq hüququn işləmədiyi heç kimə sir deyil. Bu gün beynəlxalq hüquq sadəcə orada təmsil olunan dövlətlərin və ya onalara təsir imkanı olan ölkələrin birbaşa maraqlarına xidmət edir. Beynəlxalq Cinayət Məhkəməsinin bu günə qədərki fəaliyyəti və verdiyi qərarların böyük əksəriyyəti də birbaşa maraqlara xidmət edib. Ədalətin bərpa olunması və qorunmasına mükəlləf olan bu qurum ikili standartları fəaliyyət prinsipi seçib.
Bu baxımdan Beynəlxalq Cinayət Məhkəməsinin işinin uğursuzluğu və səmərəsizliyi, ikili standartlardan istifadə etməsi, habelə fəaliyyəti dünya ölkələri tərəfindən etimad görmür. Ona görə də çoxqütblü dünyanın formalaşması tərəfdarlarının maraqlarına cavab verəcək alternativ Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması məqsədəuyğun hesab olunur.
Beynəlxalq Cinayət Məhkəməsinin fəlsəfəsi Roma Statutunun 6-cı maddəsində verilən soyqırımı cinayəti özündə “milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək niyyətilə törədilən” çoxsaylı hərəkətləri ifadə edir ki, bura belə bir qrupun üzvlərini qətlə yetirmək, onlara ciddi zehni və ya bədən xəsarətləri yetirmək, eləcə də uşaqların bir qrupdan digərinə zorla köçürülməsi daxildir.
Amma qurumun fəaliyyəti bu istiqamətlərlə ziddiyyət təşkil edir ki, əsas narahatlıqlar da məhz buna görədir. Söhbət ondan gedir ki, Beynəlxalq Cinayət Məhkəməsi bütün dünya dövlətlərini əhatə etmir. Ona görə də bu qurumun beynəlxalq statusu da mübahisələndirilə bilər. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələr əvvəlcə Roma Statutunu qəbul edərək radifikasiya etməlidir ki, bu qurumun fəaliyyətində iştirak etsin. Qeyd edək ki, ABŞ, Rusiya, İran, Çin və bir sıra dövlətlər bu statutu qəbul etməyib.
Xatırlatma üçün qeyd edək ki, 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb və 2002-ci il iyulun 1-də onun qanunları qüvvəyə minib. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərə müharibəyə qədər və ya müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, zorlama, işgəncələr, siyasi, irqi və ya dini səbəblərə görə təqibetmələr aiddir.
Məsələn, Azərbaycan Ermənistan tərəfindən Xocalı soyqırımına məruz qalıb. Amma Beynəlxalq Xinayət Məhkəməsi bu faktı gözardı edir və bu işə baxmır. Bəhan olaraq Beynəlxalq Cinayət Məhkəməsi iddia edir ki, Xocalı faciəsi onun təsis edilməsindən əvvəl törədildiyi üçün Nizamnaməyə əsasən o, bu faciəni törədənləri cəzalandırmaq imkanına malik deyil. Bu isə yumşaq desək ikili standartlardan başqa bir şey deyil.
Bütün bunlar nəzərə alınaraq Beynəlxalq Cinayət Məhkəməsinin yenidən formalaşması və ya ona alternativ hər kəs qəbul etdiyi və Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin hamısının birbaşa iştirakı ilə yeni bir qurumun yaradılmasına ehtiyac var.

15274 views