Sosialmedia.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (Xəstəxana) mediatur təşkil olunub.
Səfərin məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan perspektiv planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova iştirakçıları salamlayıb və tabeli tibb müəssisələrində göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi, keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib:
“2024-cü ilin ilk 9 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 62 milyona yaxın tibbi xidmət göstərilib. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub”.
Z.Ədilova əlavə edib ki, vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir:
“2024-cü ilin 9 ayı ərzində TƏBİB-in Vətəndaş müraciətləri şöbəsinə 20134 müraciət daxil olub. Onlardan 10791 ərizə (ümumi daxil olanların 53,59 %-i), 9318 şikayət (ümumi daxil olanın 46,27 %-i), 25 təklif (ümumi daxil olanın 0,12 %-i) təşkil edib. Sosial media platformalarından daxil olan müraciətlərin sayı isə 2050-dir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifovanın sözlərinə görə, vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər görülüb:
“Xəstəxanada endoprotezləşdirmə, vətər transferi, laporoskopik, ginekoloji və LOR əməliyyatlarının icrasına başlanılıb. Diaqnozun sürətli və dəqiq təyininə kömək edən MRT, KT, holter monitorinqi, c-qollu rentgen, spirometriya, elektroensefaloqrafiya və müxtəlif fizioterapiya avadanlıqları istifadəyə verilib”.
L.Lətifova həkimlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində əsaslı artımlar olduğunu da vurğulayıb:
“Həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Qəbələ RMX-də 2023-cü ildə həkimlərə verilən işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 733 manat olmuşdusa, 2024-cü ilin 6 ayında bu rəqəm 1206-ya qədər yüksəlib. Buna səbəb pasiyent sayının çoxalması, Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və tariflərinin artması olmuşdur. Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk 6 ayında isə 3600 manatı keçib”.
Daha sonra xəstəxananın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub, ardınca isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov müəssisənin strukturu və görülən işlər barədə geniş məlumat verib. O, bildirib ki, hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 30 tibb məntəqəsi və 5 həkim məntəqəsi fəaliyyət göstərir, ümumilikdə isə burada 126 həkim, 407 orta tibb işçisi, 367 qeyri-tibb işçisi olmaqla 900 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 165-dir:
“Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, hemodializ şöbələri, laboratoriya fəaliyyət göstərir. 2023-cü il ərzində xəstəxana tərəfindən vətəndaşlara 247 min 890 ambulator, 4 min 659 stasionar və 29 min 580 təcili tibbi yardım üzrə xidmət göstərilib. 2024-cü ilin ilk 9 ayında isə ambulator xidmət 190 min 291-ə, stasionar xidmət 3 min 986, təcili tibbi yardım xidməti 23 min 951-ə çatıb. 2024-cü ilin yanvar-avqust aylarında tibb müəssisəsinə müraciət edən xəstə sayı ümumilikdə 95 min 24-ə çatıb. Həyata keçirilən əməliyyatların ümumi sayı 3110, doğum sayı 530, radioloji xidmətlərin sayı 63 min 756, laborator xidmətlərin sayı isə 213 min 512 olub”.
C.Əhmədov bildirib ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub:
“Region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb. Xəstəxana maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, elektroensefaloqrafiya (EEQ) və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib – yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR və endoprotez əməliyyatlarının icrasına başlanılıb”.
Əlavə olaraq, C.Əhmədov xəstəxananın qarşısına qoyduğu hədəflər barədə də məlumat verib. O, 2024-cü ildə əməliyyat sayının artırılmasını, qastroenteroloji prosedur və əməliyyatların icrasını, kardiologiya, travmatalogiya, nevrologiya və oftalmologiya şöbələrinin fəaliyyətə başlamasını, eləcə də göz əməliyyatlarının icrasını xəstəxananın əsas məqsədləri kimi vurğulayıb.
Daha sonra mediatur iştirakçıları xəstəxananın müvafiq şöbələrinə baxış keçiriblər və tibb müəssisəsində müayinə olunublar.
Qeyd edək ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının hazırkı binası 9 aprel 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılıb.
Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir.
497 views