Sosialmedia.az xəbər verir ki , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturu layihələrindən biri sayılan Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verilib.
Agentlikdən bildirilib ki, layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 kilometr, torpaq yatağının eni 15 metr təşkil edəcək.
Tərtər-Ağdərə avtomobil yolu II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa olunur. Hazırda avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır.
Bundan başqa, inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
277 views