Dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu tarix, əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərə diqqət yetirmək üçün mühüm bir gündür.
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova Beynəlxalq Əlillər Günü ilə bağlı fikirlərini Sosialmedia.az-a bölüşərək, qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi. O, qeyd edib ki, “QHT-lər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Mən bunu sadəcə QHT nümayəndəsi olaraq deyil, əlilliyi olan bir şəxs kimi deyirəm. Mənim cəmiyyətə inteqrasiyamda QHT-nin rolu əvəzsiz olub.”
Səbinə Kərimova vurğulayıb ki, bu gün cəmiyyətdə aktiv fəaliyyət göstərən bir çox əlilliyi olan şəxs məhz QHT-lərin dəstəyi ilə cəmiyyətə inteqrasiya ediblər. Onlar arasında tanınan və böyük uğurlara imza atan şəxslər də var. “Bu insanların hər biri hansısa QHT-nin cəmiyyətə qazandırdığı dəyərlərdir,” – deyə o əlavə edib.
Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən danışan QHT sədri bildirib: “Düzdür, bu günün varlığını istəməzdim. Arzu edərdim ki, hər bir insan sağlam olsun və həyatını sağlam şəkildə davam etdirsin. Lakin həyat amansızdır və hər an sağlam bir insan əlilliyi olan şəxsə çevrilə bilər. Buna baxmayaraq, bu gün bir çox insanlar öz əlilliklərini unutmağa və cəmiyyətə özlərini qəbul etdirməyə nail olublar.”
Səbinə Kərimova, əlilliyi olan şəxslərin cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu, onların potensialını dəyərləndirməyin və dəstəkləməyin hər kəsin vəzifəsi olduğunu vurğuladı.
83 views