Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün təlim keçirilib-Özəl

Sosialmedia. az xəbər verir ki , 3 dekabr 2024-cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika  xüsusi internat məktəbində“Eşitmə və nitq məhdudiyyətli şəxslər arasında məişət zorakılığına dair maarifləndirmə” mövzusunda təlim keçirilib. Təlimin məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin məişət zorakılığı və onun qarşısının alınması sahəsində məlumatlandırma olub.

Tədbiri 3 nömrəli Respublika xüsusi internat məktəbin direktoru Tariyel Əkbərov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. Daha sonra açılış nitqi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovaya verilib. O, məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrə toxunaraq, eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi haqqında məlumat verib. Tədbiri çıxış sözü ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyin sədri Cəmilə Abdulova davam edərək, eşitmə məhdudiyyəti olan məktəblilər üçün çox vacib və həssas bir mövzu olan “Məişət zorakılığı qurbanları” haqqında məlumatlandırıcı təlimi keçirmək üçün şərait yaradan hər kəsə öz təşəkkürünü bildirib. Çıxışında “Məişət zorakılığı barədə məlumat, bu zorakılığın nə olduğunu və ondan necə qorunmaq lazım olduğunu başa düşmək çox vacibdir. Təəssüf ki, eşitmə məhdudiyyəti olan məktəblilər arasında bu barədə məlumatlılıq çox aşağı səviyyədədir. Əlçatan kommunikasiya vasitələrinin olmaması onların bu biliklərdən məhrum qalmasına səbəb olur. Məişət zorakılığından əziyyət çəkən uşaqlar çox vaxt özlərini təcrid olunmuş hiss edirlər. Bu vəziyyətdə, eşitmə məhdudiyyəti olan məktəblilər daha da çətinlik çəkirlər, çünki onlar duyğularını bölüşmək üçün adekvat dəstək ala bilmir və cəmiyyətlə inteqrasiya etməkdə çətinlik yaşayırlar. Təhlükəsiz mühitin yaradılması üçün məktəb və ailə mühiti zorakılığa qarşı mübarizənin ən əsas komponentlərindən biridir. Eşitmə məhdudiyyətli uşaqlar üçün həm evdə, həm də məktəbdə təhlükəsiz mühitin yaradılması onların gələcəkdə sağlam və güvənli bir şəxsiyyət kimi formalaşması üçün vacibdir. Eşitmə məhdudiyyəti olan uşaqlar üçün onların anlayacağı formada – jest dilində videolar, xüsusi təlimlər vasitəsilə maarifləndirmə kampaniyaları təşkil etməliyik. Biz İctimai Birlik olaraq hər zaman bütün dövlət qurumları ilə əməkdaşlığa hazırıq. Uşaqlarımıza sevgi, dəstək və güvən vermək bizim əsas vəzifəmizdir. Onları dinləmək, ehtiyaclarını görmək və problemləri həll etmək üçün birlikdə çalışmalıyıq.” danışıb. O, həmçinin Komitənin təşəbbüsü və Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin dəstəyi ilə hazırlanan Jest dilində video bukletlərin eşitmə məhdudiyyətli şəxslərin informasiyaya əlçatanlığının təmin edilməsi üçün gözəl təşəbbüs olduğunu vurğulayıb. Daha sonra tədbirdə “Məişət zorakılığına məruz qalmış əlillərə psixoloji yanaşma” mövzusunda Komitənin digər məsul işçiləri Vəfa Ələkbərova, İradə Məmmədova və Leyla Məmmədova çıxış ediblər. Sonda , məktəblilərlə birgə “Məişət zorakılığına qarşı birgə mübarizə aparmaq üçün həmrəy olaq. Zorakılığa son qoyaq!” şüarı ilə tədbir yekunlaşıb.

33 views