Hökumə Əliyevanı təhqir edən qadın həbs olundu-Özəl

Sosialmedia.az xəbər verir ki, Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib.

Ötən həftə A.Həsənova (ad şərtidir – red.) sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökumə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb.

Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, qadın həyat yoldaşı barəsində qeyri-etik, təhqiramiz ifadələr işlədib.

A.Həsənova polis tərəfindən aşkarlanıb və inzibati qaydada tutularaq polis şöbəsinə gətirilib. Xanım etdiyi əməli səmimi etiraf edib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün həbs olunması barədə qərar verilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı şəhərinin hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

77 views