Pirallahı Tibb Mərkəzində yeni şöbələr və müalicə imkanları təqdim olundu

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Pirallahı Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub.

Sosialmedia.az xəbər verir ki, Agentliyin Makretinq və ictimaiyyətlə əlaqalər departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra Təcili tibbi yardım, Yoluxucu xəstəliklər və Fizioterapiya şöbələri yaradılıb: “Sözügedən şöbələr yeni tibbi avadanlıqlarla təchiz olunub. Bunlar USM, EXO, EKQ, Holter cihazı (kadrioloji müayinə metodları), görmə itiliyini ölçən cihaz (avtorefraktomet), biomikroskop, UVÇ-terapiya (ultrayüksək tezlikli terapiya) digər fizioterapevtik vakuum terapiya və s. cihazlarıdır”.

A. Əhmədova əlavə edib ki, mərkəzdə öncə icra olunmayan müxtəlif qarın boşluğu və ginekoloji əməliyyatların icrasına da başlanılıb. Eyni zamanda ilk dəfə olaraq göz daxilində patoloji damarların yaranmasını və mövcud damarların sızmasını azaltmaq üçün göz daxilinə Avastin inyeksiyalarının tətbiqi ilə müalicəvi prosedurlara da başlanılıb.
Qeyd edək ki, ötən il ərzində Pirallahı Tibb Mərkəzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın cərrahi əməliyyat həyata keçirilib. Bunlara əsasən hamiləlik, doğuş tibbi xidmətləri, sidik-cinsiyyət, həzm sistemi, dəri və dərialtı toxuma xəstəlikləri üzrə cərrahi əməliyyatlar daxildir.
Qeyd olunan dövr ərzində Mərkəzə icbari tibbi sığorta ilə 85 mindən çox müraciət, 350 mindən çox isə xidmət göstərilib.

 

Pərvanə Fərhadqızı

29 views