9 Mayın önəmi: SSRİ faşizm ideologiyasını bitirdi

9 Mayın önəmi: SSRİ faşizm ideologiyasını bitirdi

XX əsrin ilk yarısında dünyada baş verən dərin geosiyasi dəyişikliklər İkinci Dünya Müharibəsinin başlanmasını qaçılmaz etdi. Almaniya, İtaliya və Yaponiya mövcud beynəlxalq düzəni ədalətsiz hesab edir, yeni dünya bölgüsündə özlərinə daha böyük pay tələb edirdilər. SSRİ də Avropada nüfuz dairəsini genişləndirməyə çalışırdı və bu münaqişəli maraqlar dünyanı yeni, daha dağıdıcı müharibəyə sürüklədi. 1939-cu ilin martında SSRİ ilə Fransa və Böyük Britaniya arasında baş tutan danışıqlar nəticəsiz qaldı. Bunun fonunda Almaniya Sovet İttifaqı ilə yaxınlaşmağa qərar verdi və 1939-cu il avqustun 23-də tarixi “Molotov-Ribbentrop paktı” imzalandı. Bu paktın rəsmi hissəsi iki dövlət arasında hücum etməmək öhdəliyini ehtiva etsə də, məxfi protokollarında Polşanın və Şərqi Avropanın bölüşdürülməsi nəzərdə tutulurdu. Nəticədə İkinci Dünya Müharibəsi başladı. Bu müharibə SSRİ xalqlarının ədalət mübarizəsi kimi də təqdim edilir. O dövr SSRİ-nin tərkibində olan respublikalar Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan, Gürcüstan və digər ölkələr İkinci Dünya Müharibəsində döyüşüb. Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfə ilə əvəzolunmazdır. Belə ki, İkinci Dünya Müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da xüsusi rolu oldu. Xalq 600 mindən çox oğul və qızını cəbhəyə göndərdi. Bakı nefti isə ön cəbhənin əsas enerji mənbəyinə çevrildi. Azərbaycanın verdiyi bu töhfə təkcə statistik göstərici deyil – bu, tarixin yaddaşına həkk olunmuş bir gerçəklikdir. Bunlarla yanaşı, müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. Tarixi yazılarda Azərbaycan haqqında yazılır: Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü var idi. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941–1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Ümumi olaraq, İkinci Dünya Müharibəsi dünyada sürətlə yayılmağa başlayan, dünya xalqları üçün böyük təhlükəyə çevrilən faşiz ideologiyasını bitirdi. Yəni SSRİ bu müharibə ilə dünyada faşizm ideologiyasına son qoydu. Bu gün bir sıra tarixçilər İkinci Dünya Müharibəsini qoşulmağı lüzumsuz qərar adlandırır, amma tarixi faktlar göstərir ki, əgər bu müharibə olmasaydı və SSRİ qələbə qazanmasaydı, bu gün dünya faşizm ideologiyasının əsirinə çevrilmişdi. Azərbaycanın da daxil olduğu sovet xalqları bu qələbədə həlledici rol oynadı və faşizmə qarşı dünya miqyasında mübarizənin önündə getdi. Bu gün artıq SSRİ-nin İkinci Dünya Müharibəsində əldə etdiyi qələbədən 80 il ötür. Bu gün də SSRİ-nin faşizm üzərində qazandığı qələbənin önəmi, mahiyyəti və vacibliyi xüsusi olaraq vurğulanır. Müharibədən sonra başlayan Soyuq müharibə dövründə Qərb dairələri SSRİ-nin qələbədəki rolunu kölgəyə salmaq üçün ciddi təbliğat kampaniyasına başladılar. Bu proses bu gün də davam edir. Qərb yalnız Rusiya ilə deyil, keçmiş SSRİ-nin bütün respublikalarına eyni münasibəti göstərir. Bu gün biz bu tarixi yaddaşı, əcdadlarımızın şücaətlərini qorumalı və ölkələrimizin böyük Qələbədəki rolunu gələcək nəsillərə çatdırmalıyıq.

5627 views