ABŞ Prezidenti Donald Tramp qəfildən sosial şəbəkələrdə və ictimai çıxışlarda İlon Maskın adını çəkməyi dayandırıb ki, bu da siyasətçi ilə milyarder arasındakı münasibətlərin strateji baxımdan yenidən nəzərdən keçirildiyindən xəbər verə bilər.
Sosialmedia.az-ın xəbərinə görə, bu barədə “Politico” nəşri məlumat verib.
Bildirilib ki, hələ 2024-cü ilin fevral və mart aylarında Tramp “Truth Social” hesabında texnoloji maqnatın adını həftədə ən azı dörd dəfə çəkirdi. Lakin aprelin əvvəlindən Maskın adı prezidentin ritorikasından tamamilə silinib. Belə təəssürat yaranır ki, “Tesla” və “SpaceX”in qurucusu sözün əsl mənasında ABŞ-nin federal gündəliyindən çıxıb.
Analitiklər bu dəyişikliyi son sosioloji araşdırmaların nəticələri ilə əlaqələndirirlər. Trampın ictimai bəyanatlarında və Ağ Evin dəhlizlərində Maskın mövcudluğunun azaldılması Respublikaçılar Partiyası üçün mühüm siyasi faydalar verə bilər. ABŞ vətəndaşları arasında keçirilən rəy sorğuları şokedici tendensiya göstərib – iş adamının populyarlıq reytinqi sürətlə aşağı düşür və bu da onu Trampın özündən də xeyli dərəcədə daha qeyri-populyar fiqur edir.
“İnsanlar ona nifrət edirlər. O, seçicilərin səslərini satın ala biləcəyini düşünərək Viskonsinə gəlir, gülünc pendir papağı taxır və özünü 9 yaşlı uşaq kimi aparır… Bu taktika qətiyyən heç bir işə yaramır. Adi ABŞ-lilər üçün belə davranış təhqiramiz təsir bağışlayır”, – deyə Respublikaçılar Partiyasından adının açıqlanmasını istəməyən yüksəkvəzifəli məmur bildirib.
30 views